Müsavat başqanının müşaviri: “Milli Şura üzvlərinin əksəriyyəti Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığının olmasını əvvəlcədən bilirdi”

Müsavat başqanının müşaviri: “Milli Şura üzvlərinin əksəriyyəti Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığının olmasını əvvəlcədən bilirdi”
# 03 avqust 2013 13:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığının olmasını Milli Şura üzvlərinin əksəriyyəti əvvəlcədən bilirdi. Bu mövzu da gündəmdə idi. Müsavat Partiyası Rüstəm İbrahimbəyovu birmənalı olaraq müdafiə edir, eyni zamanda onun namizədliyi qeydə alınana qədər İsa Qəmbərin namizədliyinin qüvvədə qalacağını bəyan edib. Biz bu qərarı verəndə də məhz Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olması amilini nəzərə almışıq”.

Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli verib.

M. Hacıbəyli qeyd edib ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı olduğu halda namizədliyinin irəli sürülməsi kobud səhv sayıla bilməz: “Çünki Rüstəm İbrahimbəyov vətəndaşlıqdan imtina edə bilərdi və etdi. Eyni zamanda Müsavat Partiyası bu məsələnin əngəl ola biləcəyini nəzərə alaraq, hələ onun namizədliyi irəli sürülməmiş digər intelektualların da namizəd olması təklifi ilə çıxış edib. Təəssüf ki, Milli Şurada olan bəzi müttəfiqlərimiz müxalifətin ehtiyat namizəd ideyasını məqbul saymadılar və bu təklifə maraq göstərmədilər. Lakin həmin təkliflər yenə gündəmdədir”.

MŞ üzvü deyib ki, Müsavat başqanı İsa Qəmbər R. İbrahimbəyovun ikili vətəndaşlıq probleminin həlli prosesinin uzanması ilə əlaqədar Şuranın növbədənkənar sessiyasının çağırılmasını və bu məsələyə yenidən baxılmasını təklif edib: “Seçkiyə hələ müəyyən vaxt var və biz Rüstəm İbrahimbəyovun prioritet namizəd olduğunu qeyd etməklə yanaşı, daha bir bitərəf şəxsin namizəd irəli sürülməsini təklif edirik. Hesab edirik ki, Rüstəm İbrahimbəyovun qarşısındakı əngəllər aradan qalxarsa, biz hamılıqla onun namizədliyini müdafiə edə bilərik, eyni zamanda əgər bu əngəllərin aradan qalxmayacağı təqdirdə başqa bir bitərəf namizədi irəli sürüb vahid namizəd olmasını təmin edə bilərik”.

Qeyd edək ki, Milli Şuranın üzvü Vidadi Mirkamal mətbuata açıqlamasında Rüstəm İbrahimbəyovun vahid namizədliyi ilə bağlı qərar qəbul edilən zaman qurum üzvlərinin onun ikili vətəndaşlığı barədə məlumatsız olduqlarını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR