Səreyn, “Belə dərə”, xalis bal... – “Ərdəbil Kapadokyası”ndan reportaj - VİDEO

Səreyn, “Belə dərə”, xalis bal... – “Ərdəbil Kapadokyası”ndan reportaj - <span style="color: red;">VİDEO
# 19 iyun 2014 14:33 (UTC +04:00)

Şəhərin 8 min əhalisi olsa da, yay fəslində şəhər sakinlərinin sayı 20 min nəfəri keçir. Bu şəhəri bu qədər cəlbedici edən yenə də Savalan dağının altından çıxan termal sulardır. Amma Səreyndə bir tarixi sərvət də var ki, bu hələ dünyaya o qədər də məlum deyil. Türkiyənin Kapadokya bölgəsini çoxumuz tanıyırıq. Bu yer dağda çapılaraq düzəldilmiş evləri ilə məşhurdur. Türkiyə hökuməti bu evləri qədimdən qalma sərvət kimi qoruyur və şəhər hər il bunun sayəsində çoxsaylı turist qəbul edir. Belə bir yer Səreyndə də var. Amma 1996-cı ildə Ərdəbilə vilayətində baş verən zəlzələ nəticəsində bu yerin 90 faiz dağıntıya məruz qalıb. Hazırda “Ərdəbil Kapadokyası”nın ciddi bərpaya və qorunmağa ehtiyacı var. Evlərdən çıxan əşyalar və yaxınlıqdakı qəbirlərdəki yazılar isə buranı həm də tarixçilər üçün cəlbedici edir.

Bu yerin adı Gənzəkdir. Bu etnonim Azərbaycanda da çox yerdə mövcuddur. Ərazidə 400 bu cür mağara var. Kəndin icra nümayəndəsi Əlirza Pərəstar deyir ki, burada yaşayış eramızdan 3 min il əvvəldən başlayıb: “Burada aparılan arxeoloji qazıntılar göstərir ki, o zaman insanlar könüllü şəkildə burada məskunlaşıblar. Azərbaycanın, Ərdəbil şəhərinin, Səreynin və bu Gənzək kəndinin coğrafi quruuğu göstərir ki, burada sivilizasiya eramızdan 3 min il əvvəl formalaşmağa başlayıb”.

Şəhər icra nümayəndəsinin də dediyi kimi bu yeraltı mağaralar Azərbaycan tarixinin qədimliyini və sivilizasiyanın burada nə qədər erkən formalaşdığını göstərir. İnsanlar burada yaşayır, mal-qara saxlayır, dolanırmış. O dövrdən zəlzələ baş verən yaxın tarixə kimi, burada yaşayış davam edib. Sonralar bir müddət burada mal-qara da saxlanılırmış: “Mən də uşaqlığımı burada yaşamışam. İran tarixi ilə 1375-ci ildə baş verən zəlzələdən sonra bura xaraba qaldı. Əhali buradan köçməli oldu. İndi yuxarıda məskən salıblar”.

Otaqların quruluşundan hansının qonaq və ya yataq otağı olduğunu aydın hiss etmək olur. Lakin uzun müddət yaşayış olmadığından nəm çəkib və bu tarix məhv olmaq üzrədir. Çöldəki gücü istiyə baxmayaraq içəri bir xeyli sərindir. Əlirza Pərəstar deyir ki, qışda isə bu mağaralar çox isti olur.

Yolustü Səreynin ən gözəl mənzərə olan yerlərdən birinə baş çəkdik. Adına "Belə dərə" deyirlər. Elə bir özəlliyi yoxdur. Amma buradan görüntü çox gözəldir.

Səreyn həm də balı ilə məşhurdur. Tək Səreyn deyil, Ərdəbil vilayətinə gəlmiş hər bir şəxs buradan bal almadan getməz. Bu şansımızdan biz də yararlandıq. Bal alanda səmimi şəkildə soruşurlar ki, təmiz bal istəyirsiniz, yoxsa şəkər yemiş arı balı? Qiymətində də fərq var. Bal burada daha çox şan üstündə satılır.

Yol boyu arı təknələrini hər yerdə görmək mümkündür. Bir də arı toplayanları.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR