Azərbaycan və Banqladeş xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb - FOTO

Azərbaycan və Banqladeş xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb    - <span style="color: red;">FOTO
# 11 iyun 2013 07:23 (UTC +04:00)

Bakı – APA. İyunun 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Banqladeş Xalq Respublikasının xarici işlər naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla Banqladeş arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan E. Məmmədyarov, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib. O, iqtisadi, enerji, turizm, humanitar, mədəni sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu söyləyərək iqtisadi əməkdaşlığın genişləndirilməsinə zəmin hazırlamaq məqsədilə müqavilə-hüquq bazasının möhkəmləndirilməsini, xüsusilə ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qorunması üzrə sazişlərin hazırlanmasının zəruriliyini nəzərə çatdırıb.

Banqladeşin xarici işlər naziri xanım Dipu Moni isə Azərbaycanla ikitərəfli əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını deyib. O, hazırda iki ölkə arasında imzalanması nəzərdə tutulan 11 sənədin mətni üzərində iş getdiyini, bunlardan üçünün bu səfər çərçivəsində imzalanacağını söyləyib.

D. Moni Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini hər zaman dəstəklədiklərini bəyan edib.

Görüşdə banqladeşli tələbələrin Azərbaycan ali məktəblərində təhsil alması, ARDNŞ ilə Banqladeş Neft Şirkəti arasında əməkdaşlığın yaradılması ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nazirlər hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR