“Azərreyl” İtaliya yığmasının voleybolçusu ilə müqavilə bağladı

“Azərreyl” İtaliya yığmasının voleybolçusu ilə müqavilə bağladı
# 13 may 2013 10:58 (UTC +04:00)

Bakı – APA. “Azərreyl” ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” İtaliya millisinin ulduzu Lusia Bosetti ilə danışıqları müsbət yekunlaşdırıblar.

Bir gün öncə “Pyaçentsa” ilə İtaliya çempionluğunu bayram edən və A seriyasının ən dəyərli voleybolçusu seçilən 24 yaşlı hücumçu növbəti 1 ildə Bakı klubunda oynamağa razılığını verib. Onun keçidinin reallaşmasında klubunun baş məşqçisi, yeni mövsümdə “Azərreyl”də işləyəcək Covanni Kapraranın rolu olub.

Karyerasına gəlincə, Bosettinin 2007-ci ildən ölkəsinin yığmasında oynayır və indiyədək 154 matçda millinin şərəfini qoruyub. Bu illərdə dünya çempionatının (2011), dünya kubokunun (2009) və 2 dəfə Avropa çempionatının (2009, gənclər arasında 2006) qalibi olub. Lusia, həmçinin əsas komanda ilə 2 dəfə Dünya Qran-prisinin (2008, 2010) bürünc mükafatına sahib çıxıb.

“Azərreyl”ə transfer olunana kimi isə “Amatori Oraqo” (2003-2007), “Sassuolo” (2007-2009), “Foppapedretti” (2009-2011), “Villa Kortese” (2011-2012) və “Pyaçentsa” (2012-2013) klublarının şərəfini qoruyub. 176 sm boya malik Bosetti bu komandalarla 1 dəfə Çempionlar Liqasının (2009-2010), 2 dəfə İtaliya çempionatının (2010-2011, 2012-2013) və 1 dəfə ölkə kubokunun qızıl medalını qazanıb.

Qeyd edək ki, “Azərreyl” Lusiadan öncə Azərbaycan millisinin liderləri – Oksana Parxomenko, Polina Rəhimova, Kseniya Kovalenko və Valeriya Korotenko ilə müqaviləni yeniləmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR