Meşə sahəsinin qanunsuz zəbt edilməsi və qiymətli ağacların kəsilməsi faktı aşkarlanıb

 Meşə sahəsinin qanunsuz zəbt edilməsi və qiymətli ağacların kəsilməsi faktı aşkarlanıb
# 22 yanvar 2014 10:24 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) KİV nümayəndələrinin də iştirakı ilə operativ yoxlama qrupu yaradılıb və Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (MMBM) Şüvü meşəbəyiliyinin 8 saylı dolayında meşə gözətçisi işləyən Fətulla Əliyevin ağac qırıntısı ilə bağlı Nazirliyə daxil olmuş çoxsaylı şikayətləri əsasında sözügedən müəssisənin meşə dolaylarında təkrar yoxlamalara başlanılıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, yoxlama zamanı şikayətçinin iştirakı ilə qırıntılara və qanunsuzluqlara yol verildiyi iddia olunan meşə sahələrinə baxış keçirilib və şikayət öz təsdiqini tapmayıb.

Yoxlama zamanı onun gözətçisi olduğu dolayın 32 yerində 17,3 hektar meşə torpağı sahəsinin Fətulla Əliyev tərəfindən külli miqdarda pul vəsaiti müqabilində müxtəlif şəxslərin zəbt etməsinə şərait yaradıldığı, 107 ədəd (qızılağac və dəmirağac cinsindən olan) qiymətli ağacın qanunsuz olaraq kəsilməsi faktı müəyyən olunub.

Yoxlama qrupunun araşdırmaları davam etdirilir. Bu araşdırma tam yekunlaşmasa da, rəhbərlik etdiyi müəssisədə lazımi qayda-qanun yarada bilmədiyinə görə Astara MMBM-nin direktoruna da şiddətli töhmət verilib, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılır. Yoxlamaların yekun nəticələrinə uyğun olaraq isə araşdırma materiallarının hüquq-mühafizə orqanlarına göndərilməsi istisna edilmir.

Qeyd edək ki, təkcə 2013-cü ildə onun tərəfindən ETSN-yə 10 şikayət ərizəsi daxil olub. Departamenti tərəfindən isə 2 dəfə olmaqla ümumilikdə 5 kompleks yoxlama aparılıb. Yoxlamaların nəticəsi olaraq Meşələrin İnkişafı Departamentinin 14 yanvar 2014-cü il tarixli əmri ilə Əliyev Fətulla Cəfər oğlunun işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədə saxlanılması qeyri mümkün hesab edilib və o işdən azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR