Uilyam Rasimora: “Azərbaycan Cənubi Qafqazda sabitlik modelidir” - MÜSAHİBƏ

Uilyam Rasimora: “Azərbaycan Cənubi Qafqazda sabitlik modelidir” - <span style="color: red;">MÜSAHİBƏ
# 13 sentyabr 2013 08:17 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktor müavini Uilyam Rasimoranın APA-ya müsahibəsi

- Azərbaycandakı seçkiqabağı situasiyanı necə qiymətləndirirsiniz?

- Vəziyyət çox müsbətdir. Əlbəttə, biz ATƏT-in Azərbaycanla bağlı hesabatı ilə tanış olmuşuq, lakin bizim baxışımız tamam fərqlidir. Biz “Azərbaycan – müsbət idarəetmə modeli” adlı hesabat hazırlamışıq. Avropadan ilk dəfə Bakıya gələrkən diqqətimizi ilk növbədə dinc atmosfer cəlb edir. Küçələrdə polis, əsgər yoxdur. Gender bərabərliyi, dini tolerantlıq, müsbət siyasi atmosfer var.

- Sizcə hökumət seçkilərə hazırdırmı?

- Məncə, Azərbaycan seçkilərə yüksək səviyyədə hazırlıq nümayiş etdirir və bu, ATƏT-in hesabatında da var. Lakin bütövlükdə biz ATƏT-in analizini anlamırıq. Azərbaycanda bizi ilk növbədə bu maraqlandırdı ki, niyə ölkə əraziləri işğal olunub? Biz təxminən 1 milyon qaçqın və məcburi köçkünün varlığından xəbərdarıq, ATƏT də bunu bilir. Bütün bu problemlər nəzərə alınarsa, Azərbaycanda vəziyyətin kifayət qədər müsbət olduğunu söyləyə bilərik. Azərbaycan Cənubi Qafqazda sabitlik modelidir.

- Azərbaycan Konstitusiyası vətəndaşlar üçün azad seçim imkanı verirmi?

- Azərbaycanın Konstitusiya sistemi Avropadakından fərqlənmir. ATƏT-in hesabatında deyilir ki, sizdə güclü prezident üsul-idarəsi var. Lakin Fransadakı prezident üsul-idarəsi sizdəkindən güclüdür. Fransua Olland İlham Əliyevdən daha çox səlahiyyətə malikdir.

- ATƏT niyə Azərbaycana qarşı belə tənqidi münasibətdədir?

- Hesab edirəm ki, bunun siyasi səbəbləri var. Lakin Avropada anlamalıdırlar ki, “soyuq müharibə” dövrü başa çatıb. Hesab edirəm ki, ən vacib məsələ Azərbaycanda siyasi sabitliyin olmasıdır. Azərbaycan bizim tərəfdaşımızdır və ciddi neft-qaz ixracatçısına çevrilməkdədir. Bir çox faktor göstərir ki, həm Azərbaycan, həm də Avropa eyni yolla gedir. ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanla bağlı 27 təklif irəli sürüb, Azərbaycan tərəfi bunlardan 19-nu yerinə yetirib. Lakin bu təkliflərdən bəziləri qəbuledilməzdir.

- Məsələn?

- Məsələn, Azərbaycan prezidentinin müxalifətlə dəyirmi masa ətrafında əyləşməsini istəyirlər, bu, mümkün deyil. Mən ATƏT-in Fransa prezidentindən bunu tələb edə biləcəyini təsəvvürümə gətirmirəm.

- Azərbaycanda media azadlığı sahəsində problemlərin olması haqda fikirlərlə razısınızmı?

- Mən Bakıda oturub “Google”da Azərbaycanla bağlı axtarış verəndə “Google” çox fərqli, o cümlədən prezidentin tənqid olunduğu informasiyalar verir. Mən bunu azad KİV adlandırıram.

- Azərbaycanda bir çoxları hesab edir ki, Avropa Azərbaycana münasibətdə ikili standart siyasəti yeridir. Siz necə hesab edirsiniz?

- Çox düzgündür. Ermənistandakı seçkilər zamanı ATƏT həm çatışmazlıqları, həm də Sarkisyanın tərəfdarlarının çox olduğunu qeyd etdi. Azərbaycanda isə ATƏT nədənsə müsbət məqamlar tapa bilmir.

- Azərbaycandakı seçkilərin nəticələri ilə bağlı hansı proqnozları vermək olar?

- Düşünürük ki, Azərbaycan vətəndaşları siyasi sabitliyi seçəcəklər. Seçkilərin Azərbaycanla Avropa Birliyi arasındakı münasibətləri daha da yaxşılaşdırması bizim üçün önəmlidir.

- Ermənistanda olduğu kimi, seçkilərin Azərbaycanda da sabitliyin pozulmasına gətirib çıxarmasını gözləmək olarmı?

- Ümumən yox, lakin kiçik aksiyalar və bizim Brüsseldə olduğu kimi, polislə müəyyən toqquşmalar ola bilər. Azərbaycanda Ermənistandakı daşnak hərəkatı kimi bir hərəkat yoxdur.

- Azərbaycanı Avropada daha çox tanıtmaq üçün hansı addımlar atılmalıdır?

- Turizmi inkişaf etdirmək lazımdır. Azərbaycan mədəniyyəti və dəyərlərini Avropada keçirilən müxtəlif tədbirlərdə, festivallarda nümayiş etdirmək lazımdır ki, AB ölkələrinin vətəndaşlarında Azərbaycan haqqında müəyyən təsəvvürlər formalaşsın. Bizdə ictimai rəy çox önəmlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR