Lerikin 40 yaşayış məntəqəsi hələ də işıqsız qalıb - FOTOSESSİYA - VİDEO

Lerikin 40 yaşayış məntəqəsi hələ də işıqsız qalıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 31 mart 2014 15:35 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Ötən gün səhər saatlarından başlayan güclü külək dağlıq Lerik rayonunda yenidən bir sıra fəsadlara səbəb olub. APA-nın cənub bürosunun məlumatına görə, külək 100-dən çox elektrik dirəyini aşırıb, 10 min metrdən çox elektrik naqilini sıradan çıxarıb. Nəticədə rayonun 162 yaşayış məntəqəsindən 120-si işıqsız qalıb.

Günorta saatlarından isə rayon ərazisinə güclü qar yağıb. Bu da öz növbəsində maşın-mexanizmlərin hərəkətində, küləyin törətdiyi fəsadların nəticələrini aradan qaldırmaqda çətinliklər yaradıb. Rayon mərkəzinə 20-25, ucqar yaşayış məntəqələrinə isə 30-35 santimetr qalınlığında yağıntı düşüb, yollar buz bağlayıb.

Lerik Rayon İcra Hakimiyyəti (RIH) başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, rayona 50-dək elektrik dirəyi gətirilib. Qəza briqadalarının səyləri nəticəsində 80 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi təmin olunub. Digər 40 kənddə də enerji nəqlinin bərpa olunması istiqamətində tədbirlər davam etdirilir.

Yerli mütəxəssislərin qənaətincə, qarın rayonun kənd təsərrüfatına mənfi təsir göstərəcəyi istisna olunmur. Lerik RİH başçısının aqrar məsələlər üzrə müavini Saday Qurbanov APA-nın bölgə müxbiri ilə söhbətində bildirib ki, çəyirdəkli meyvə ağaclarının çiçəklənmə dövründə qarın yağması həmin çiçəklərin məhvinə səbəb olub. Davamlı şaxtalar isə arıçılıq təsərrüfatlarında profilaktik tədbirlərin gecikməsi ilə nəticələnək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran hidrometeoroloji müəssisəsindən verilən məlumata görə, ötən gün Lerikdə küləyin sürəti saniyədə 28 metr təşkil edib. Axşam saatlarında rayonun yüksək dağlıq ərazilərində mənfi 5-10 dərəcə şaxtanın olacağı gözlənilir. Aprelin 1-dən isə yağıntının kəsiləcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Hazırda Lerikdə yağıntılı hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR