Həsən Ruhani: “İran kütləvi qırğın silahlarına sahib olmaq niyyətində deyil”

Həsən Ruhani: “İran kütləvi qırğın silahlarına sahib olmaq niyyətində deyil”
# 15 yanvar 2014 13:31 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran kütləvi qırğın silahlarına sahib olmaq niyyətində deyil”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani deyib. O bildirib ki, kütləvi qırğın silahlarının qadağan edilməsi haqqında bütün konvensiyalar hamıya şamil olunub: “Ancaq bununla belə, İran dinc məqsədli nüvə texnologiyasından vaz keçməyəcək”.

H. Ruhani qeyd edib ki, İran dünya siyasətində sülhün bərqərar olunmasını istəyir: “Biz heç kəsə təcavüz etmirik. Amma təcavüzkara qarşı da bütün gücümüzlə ölkənin və inqilabın milli maraqlarını müdafiə edəcək və düşməni təcavüzünə görə peşman edəcəyik. İndi biz öz hüquqlarımızdan bir millimetr belə geri çəkilməyəcəyik. İran öz hüquqlarında israrlıdır. Biz dinc məqsədli nüvə texnologiyası deyirik, nə bir kəlmə əskik, nə də bir kəlmə artıq. Dinc məqsədli nüvə texnologiyasından yararlanmaq bizim haqqımızdır. İran nüvə silahı istehsal etmək və saxlamaq niyyətində deyil. Çünki İranın ali dini liderinin fətvası ölkəmizin strategiyasıdır”.

İran prezidenti vurğulayıb ki, Qərb həmişə islamofobiya və İranofobiyanı dünyaya yaymağa çalışır: “Qərbin islam nizamına qarşı işləri onu zəiflətmək və inqilabın bölgə və dünyada yayılmasına maneə törətmək məqsədi daşıyır. Onlar son illərdə bu hədəfə çatmaq üçün islam dinini şiddət simvolu olaraq tanıtmağa çalışırlar. Qərb müsəlman qüvvələri radikalizm və terrorizm tərəfdarları şəklində tanıtmağa səy göstərir. Onlar öz casusluq təşkilatları sayəsində islamın qarışıdurma hadisələrini qızışdırırlar. İranın nüvə fəaliyyətləri isə Qərbin İslamofobiya düşüncəsini yaymağa yönəlmiş başqa bir bəhanəsidir. Belə ki, Qərb dünyaya İranofobiyanı yaymaq üçün İranın nüvə silahı istehsal etmək niyyətində olduğunu iddia edir. Halbuki İran heç bir zaman nüvə silahı istehsal etmək niyyətində olmayıb və olmayacaq da. Çünki belə olduğu təqdirdə, İranın uranın zənginləşdirilməsi üçün qərblilərlə görüşməməsi lazımdır. Qərbin geniş təbliğatı sayəsində İran və dinc məqsədli nüvə texnologiyası dünyaya bir təhlükə kimi göstərilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR