Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsviri təsdiqlənib

Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsviri təsdiqlənib
# 09 dekabr 2013 07:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsviri”nin təsdiq edilməsi haqqında qərar verib.

APA-nın verdiyi məlumata görə, Gənclər üçün Prezident Mükafatının diplomu plaket formasındadır.

Plaketin qutusu göy velür parçadan hazırlanır. Hər iki qapağın qapanma kənarları qızıl metalla əhatələnir. Ölçüləri 20 sm x 20 sm, qalınlığı 4 sm-dir. Qutunun üz qapağı üzərində Azərbaycan Respublikasının Dövlət gerbi və “Gənclər üçün Prezident Mükafatının laureatının diploma” sözləri qızılı hərflərlə əks olunur. Dövlət gerbi qabarıq formada hazırlanır. Plaketin içərisində üzərində mətn olan metal lövhə yerləşdirilir. Lövhənin ölçüləri 19 sm x 19 sm, qalınlığı 0,5 sm-dir. Lövhənin üzərində Azərbaycan Respublikasının Dövlət gerbi, “Diplom” sözü, Gənclər üçün Prezident Mükafatına layiq görülmüş şəxsin soyadı, adı, atasının adı və mükafatın verilməsi barədə müvafiq mətn əks olunur (eskiz əlavə olunur). Diplom Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır.

Gənclər üçün Prezident Mükafatının nişanı dolanıb birləşən ikizolaqlı lentdən, kiçik halqadan və səkkizguşəli ulduzdan ibarətdir. Ulduzun üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri həkk olunur. Lentin kəsişmə sahəsində həmin zolaqlar bir-birinə altdan və üstdən keçidlə daxil olurlar (eskiz əlavə olunur). Nişan 750 əyarlı sarı qızıldan hazırlanır. Nişanın eni 20 mm, hündürlüyü 35 mm, qalınlığı 3 mm-dir. Bütövlükdə nişan stilizə edilmiş gənc insanı təsvir edir. Burada, lentin ucları - qolları, kiçik halqa isə baş nahiyəsini simvolizə edir. Nişanda istifadə olunan səkkizguşəli ulduz və Azərbaycan Respublikasının Dövlət gerbi qabarıq formada lentin arasında yerləşdirilir. Nişanın arxa tərəfi hamar səthlidir. Səkkizguşəli ulduzun arxa hissəsində nişanın ardıcıllıq nömrəsi əks olunur. Nişan arxa hissəsindəki xüsusi sancaqla geyimə bərkidilir.

Gənclər üçün Prezident Mükafatının nişanının vəsiqəsi cildlik və içlikdən ibarətdir. Cildliyin üz və arxa hissələri göy velür parçadan hazırlanır. Cildliyin üz hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi və "Gənclər üçün Prezident Mükafatı laureatının nişanının vəsiqəsi" sözləri əks olunur. Azərbaycan Respublikasının Dövlət gerbi qabarıq formada təsvir edilir, yazı isə qızıl hərflərlə yazılır (eskiz əlavə olunur). İçliyin birinci səhifəsində qəhvəyi rəngli kağız üzərində nişanın təsviri və nişanın ardıcıllıq nömrəsi əks olunur. İçliyin ikinci səhifəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının tarixi, nömrəsi və mükafata layiq görülmüş şəxsin soyadı, adı, atasının adı və Mükafatın verilməsi barədə müvafiq mətn əks olunur. Mətn üzərində səkkizguşəli ulduzlar əks olunan qırmızımtıl kağız üzərində yazılır. Kağızın kənar sərhədləri qızılı xətlə əhatələnir. Vəsiqə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR