Dövlət Komissiyası və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət Əməkdaşlıq Şəbəkəsi yaradılıb

Dövlət Komissiyası və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət Əməkdaşlıq Şəbəkəsi yaradılıb
# 26 dekabr 2013 08:17 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan Əməkdaşlıq Şəbəkəsi (Şurası) yaradılıb.

APA-nın məlumatına görə, Əməkdaşlıq Şəbəkəsinin (Şurasının) ilk toplantısında çıxış edən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının Aparat rəhbəri Vilayət Hüseynov bildirib ki, görüşün məqsədi Komissiya ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə edilməsidir.

Milli Fəaliyyət Planı barədə geniş məlumat verən Komissiyanın Dövlət Qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseynli isə qeyd edib ki, dövlət qulluğuna qəbul məsələsində vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edilir: "Dövlət qulluğuna 957 nəfərin seçilməsi məhz onların iştirakı ilə baş tutub. Bundan əlavə, dövlət qulluğuna qəbulun cəmiyyətdə təbliğ olunması ilə bağlı geniş informasiyalar təqdim olunur. Artıq 11-dən artıq ali məktəbdə tələbələr arasında bu istiqamətdə müxtəlif maarifləndirici işlər aparılıb".

Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov ilk gündən QHT-lərlə əməkdaşlığa üstünlük verdiklərini deyib.

Səsvermə yolu ilə "Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev yeni qurumun koordinatoru seçilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Komissiyanın sədri tərəfindən Əməkdaşlıq Şəbəkəsinin yaradılması haqqında əmr imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR