Azərbaycanda üç yeni dövlət standartı təsdiq edilib

Azərbaycanda üç yeni dövlət standartı təsdiq edilib
# 24 yanvar 2014 11:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda «Xilasedici jiletlər. Texniki şərtlər», «Qida əlavələri», «Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər» dövlət standartları təsdiq edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən «Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər» (AZS 755-2014), «Xilasedici jiletlər. Texniki şərtlər» (AZS 756-2014), «Qida əlavələri» (AZS CODEX STAN 192-2014) dövlət standartları təsdiq olunub.

«Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər» dövlət standartı yerləşdirmə vasitələrində turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin təmini və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, yerləşdirmə vasitələrində çalışan işçilərin peşə səviyyəsinin artırılması məqsədilə qəbul edilib. Normativ sənəddə mehmanxanaların tipləri, mehmanxana və yerləşdirmə vasitələrinin minimal tələblərə uyğunluğunun qiymətləndirmə sisteminin təşkili, mehmanxana və bərabər tutulan yerləşdirmə vasitələrində yoxlamaların keçirilmə qaydaları haqqında tələblər mövcuddur.

«Xilasedici jiletlər. Texniki şərtlər» dövlət standartı gəmilərdə, üzən vasitələrdə və sahil məntəqələrində istifadə edilən elastik doldurucu mexanizminə malik xilasedici jiletlərə şamil edilir. Bu standart «Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiya»nın III qaydasının tələblərinə uyğun hazırlanmışdır. Normativ sənəddə xilasedici jiletlərin əsas ölçüləri, texniki tələblər, sınaq üsulları, markalanma, qablaşdırma, daşınma və saxlanma haqqında informasiyalar mövcuddur.

«Qida əlavələri» dövlət standartı «Codex General Standart for Additives» (CODEX STAN 192-1995) beynəlxalq standartı əsasında hazırlanıb. Standarta yalnız yolveriləbilən sutkalıq istifadəsi təyin edilib, Qida Əlavələri üzrə Birləşmiş FAO/WHO Ekspertlər Komitəsi (JECFA) tərəfindən təhlükəsiz hesab edilən və Beynəlxalq Rəqəm Sistemi (INS) tərəfindən nömrə verilmiş qida əlavələri daxil edilib. Normativ sənəddə qida əlavələrinin istifadəsinin ümumi prinsipləri, qida əlavələrinin qida məhsullarına daxil edilməsi, qida məhsullarının kateqoriyaları sistemi haqqında informasiyalar yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR