Xaçmazda meyvə istehsalının artırılması müzakirə olunub

Xaçmazda meyvə istehsalının artırılması müzakirə olunub
# 10 dekabr 2013 15:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə regionda sahibkarlığın inkişafı, ixrac imkanlarının genişləndirilməsi, sahibkarlığın məsləhət və informasiya təminatının gücləndirilməsi imkanları müzakirə edilib. Tədbirdə regionda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, Quba-Xaçmaz iqtisadi rayonunda beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli aqrar sənaye məhsulları istehsal edən müəssisələrin sayı davamlı olaraq artır. O, aqrar-sənayenin inkişafı, istehsal olunan məhsulların rəqabət qabiliyyətliyinin artırılması istiqamətində tədbirlərin davam etdirildiyi və bu sahədə sahibkarlara hər cür dəstək göstərildiyi vurğulanıb.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Haqverdiyev bildirib ki, Xaçmaz və ətraf rayonların təbii-iqlim şəraiti meyvə istehsalının artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli meyvə sortlarına, emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir.

GİZ-in ölkə üzrə direktoru Henninq Tvisten (Henning Tvesten) isə Azərbaycanda özəl sektorun inkişafına dəstək məqsədilə bir sıra layihələr həyata keçirdiklərini və bu çərçivədə fındıq ixracatçılarının kataloqunun hazırlanmasının sahibkarlığın təşviqinə yönəldilmiş növbəti addım olduğunu, belə tədbirlərin davamlı olacağını qeyd edib.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb, “Fındıq ixracatçılarının kataloqu”nun təqdimatı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR