Mikayıl Cabbarov: “Azərbaycan ali təhsil müəssisələrini dünya səviyyəsinə çıxarmaq üçün məqsədli iş aparılır”

Mikayıl Cabbarov: “Azərbaycan ali təhsil müəssisələrini dünya səviyyəsinə çıxarmaq üçün məqsədli iş aparılır”
# 31 may 2014 11:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Sumqayıtda Təbiət Elmləri Təmayüllü Gimnaziyada “Son zəng” tədbiri keçirilib.


APA-nın məlumatına görə, tədbirdə gimnaziya rəhbərliyi ilə yanaşı, təhsil naziri Mikayıl Cabbarov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak ediblər.


Gimnaziyanın direktoru Nizami Əhmədov çıxışında gimnaziyada artıq 67-ci son zəngin keçirildiyini bildirərək, bu il 39 şagirdin məzun olduğunu vurğulayıb. Onun sözlərinə görə, gimnaziyanın məzunları ali məktəblərə qəbul imtahanında da yüksək nəticə göstərirlər: “İndiyədək gimnaziyamızda 967 məzun olub və bugünkü məzunlarla bu rəqəm 1000-ə çatıb. Məzunlarımız daim respublikada keçirilən yarışlarda iştirak edib, ali məktəblərdə yüksək nəticə göstəriblər. Məzunlarımız arasında yüksək nəticəyə görə prezident təqaüdü alanlar var. Ümid edirəm ki, gimnaziya bundan sonra da Azərbaycan təhsilinin inkişafına xidmət edəcək”.


Təhsil naziri Mikayıl Cabbarov məzunları təbrik edərək bildirib ki, bu il Azərbaycanın 87 minə yaxın məzunu orta məktəbi bitirərək, müstəqil həyata qədəm qoyur. Nazir deyib ki, Azərbaycanda həyata keçirilən siyasətin təməlində ümumilikdə təhsil sisteminə diqqət durur: “Bu təhsil müəssisəsi də bunun bariz nümunəsidir. Məktəbdə həyata keçirilən təmir və quruculuq işləri, məktəbin təminatı göstərilən nailiyyətin təməllində duran bir amildir. Gimnaziyanın şagirdləri də beynəlxalq və yerli olimpiadalarda uğurla çıxış ediblər”.

Nazir qeyd edib ki, Azərbaycan nadir ölkələrdəndir ki, öz vətəndaşlarına dünyanın ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq imkanı verir: “Bu gün Azərbaycanın ali təhsil müəssisələrini də dünya səviyyəsinə çıxarmaq üçün məqsədli iş aparılır”.


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov gimnaziyanın Azərbaycan təhsilinin inkişafındakı xidmətlərini vurğulayıb. O deyib ki, Azərbaycan bu gün qüdrətli dövlət kimi formalaşır və dünyanın ictimai-siyasi sistemində əhəmiyyətli yer tutur: “Bu baxımdan bütün nailiyyətlərimizi qoruyub-saxlamaq və gələcəkdə də inkişaf etdirmək mühüm vəzifədir”.


Tədbir konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR