Parisdə İran və Fransanın xarici işlər nazirləri arasında görüş keçirilib

Parisdə İran və Fransanın xarici işlər nazirləri arasında görüş keçirilib
# 06 noyabr 2013 10:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Fransanın xarici işlər nazirləri arasında görüş keçirilib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın Xarici İşlər Nazirliyində qapalı keçirilmiş görüşdə tərəflər ikitərəfli əlaqələr başda olmaqla regional və beynəlxalq məsələlər, İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri və Suriya böhranı barəsində fikir mübadiləsi aparıblar.

Məhəmməd Cavad Zərif Nyu-York, Cenevrə və Vyanada İranla “altılıq” ölkələri arasında aparılan müzakirələrə toxunub.

İran XİN rəhbəri hər iki tərəfin də narahatlıqlarını aradan qaldırmağının zəruri olduğunu deyərək bildirib ki, İranın dinc məqsədlərə xidmət edən nüvə hüququna hörmət göstərilməlidir.

M. Zərif Suriyaya hər cür xarici müdaxiləni rədd edərək, bu ölkədəki böhranın siyasi yolla həll olunmasının vacib olduğunu vurğulayıb.

Loran Fabius da öz növbəsində İran-Fransa əlaqələrinin uzaq keçmişə dayandığını bildirib: “Bu baxımdan iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində İranla Fransanın Xarici İşlər Nazirlərinin əməkdaşlığı zəruridir”.

Fransa XİN rəhbəri rəsmi Parisin ikitərəfli əlaqələr başda olmaqla Suriya və nüvə məsələsi mövzusunda Tehranla məsləhətləşmələr aparmağın tərəfdarı olduğunu deyib, mövcud maneələrin aradan qaldırılmasında göstərilən səylərin ortaq siyasi iradədən qaynaqlandığını söyləyib.

L. Fabius İranla “altılıq” ölkələri arasında yaranmış müsbət atmosferə də toxunub: “Fransa XİN bu məsələdə irəliləyişin əldə olunacağını dünya ictimaiyyətinə sübut etmək məqsədilə qarşılıqlı olaraq etimad mühitinin yaranmasını zəruri sayır”.

Fransa XİN rəhbəri ölkəsinin nüvə silahına qarşı olduğunu, Suriya böhranının həlli üçün rəsmi Tehranın rolunun diqqətə alınmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, M. Zərif UNESCO-nun Baş Konfransının 37-ci sessiyasında iştirak etmək üçün Fransada səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR