Səttar Mehbalıyev: «Biz köhnə dəzgahlarla müasir tələblərə uyğun kadrlar hazırlaya bilməyəcəyik»

Səttar Mehbalıyev: «Biz köhnə dəzgahlarla müasir tələblərə uyğun kadrlar hazırlaya bilməyəcəyik»
# 02 noyabr 2013 11:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Dövlət idarələri və ictimai xidmət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə «Gənc həmkarlar ittifaqı üzvlərinin cəmiyyətdə rolu və yeri» mövzusunda konfrans keçirilib.


«APA-Economics»in məlumatına görə, konfrans həmkarlar ittifaqları təşkilatlarının bugünkü problemlərinə, onların əmək və ictimai fəallığının artırılması üçün əlavə tədbirlərin görülməsinə, sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına diqqəti artırmaq məqsədilə təşkil edilib.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyalarının sədri Səttar Mehbalıyev bildirib ki, bu konfransın keçirilməsində məqsəd gənclərin məşğulluq problemlərini qaldırmaq, onların erkən yaşında ailə qurması problemlərini müzakirə etməkdir.


Onun sözlərinə görə, əsas məqsəd gənclərin cinayətə yol verməsinin sayını azaltmaqdır: «Bu konfransda onları bu yoldan çəkindirmək üçün müxtəlif yollar axtarılacaq. Burada gənclərin problemləri ilə bağlı qaldırılan məsələlər Gənclər və İdman Nazirliyinə və digər dövlət orqanlarına göndəriləcək. İstəyirik ki, onlar daha da yaxından gəncləri narahat edən problemləri bilsinlər».


S.Mehbalıyev bildirib ki, Azərbaycanda hər il 120-130 min gənc orta məktəbi bitirir: «Onların 20-25 min nəfəri ali məktəblərə qəbul olunur. Qalan 100 mindən artıq gənc bəzən işsiz qalır və ya təhsilini davam etdirə bilmir. Bu gün gənclərin işsizlik məsələsi bütün dünyada olduqca böyük problemdir. Əsas məqsədimiz tədbirləri dövlətin qəbul etdiyi gənclər siyasəti haqqında proqramlara uyğun olaraq həyata keçirməkdir».


S.Mehbalıyev qeyd edib ki, Konfederasiya bu gün Azərbaycanda gənclər arasında peşə məktəblərinə diqqətin artırılmasını nəzərdən keçirir: «Azərbaycanda hansı sənədlərə və hansı peşələrə ehtiyac varsa, bu ehtiyac üzrə də peşə texniki məktəblər hazırlanmalıdır. Çalışacağıq ki, bu peşə məktəbləri ilə müqavilələrin bağlanılmasına və lazımi sayda kadrların hazırlanmasına nail olaq. Belə kadrların yetişdirilməsi üçün texniki peşə məktəblərinin bazasını möhkəmlətməliyik. Bunun üçün hər peşəyə uyğun yeni texnologiyaların tələblərinə cavab verən aparatlar, müasir tipli dəzgahlar gətirməliyik ki, nəticədə də yüksək keyfiyyətli kadrlar hazırlaya bilək. Biz köhnə dəzgahlarla müasir tələblərə uyğun kadrlar hazırlaya bilməyəcəyik».


Konfederasiya başçısı vurğulayıb ki, artıq bu istiqamətdə işlər gedir və yaxın gələcəkdə Azərbaycanda müasir standartlara uyğun peşə texniki məktəbləri qurulacaq.


Dövlət idarələri və ictimai xidmət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov isə bildirib ki, Azərbaycanda iqtisadi əmək fəaliyyəti ilə məşğul olan 4,445 mln. nəfər əhalinin 1,107 mln.-u, yəni 25%-ni gənclər təşkil edir. Onun sözlərinə görə, Dövlət idarələri və ictimai xidmət işçiləri Həmkarlar İttifaqının 70 mindən çox üzvünün 18 minə yaxını, yəni 26%-ni 29 yaşınadək olan gənclər təşkil edir.


Konfransın sonunda Respublika Komitəsində Gənclər Şurasının yaradılması ilə bağlı qətnamə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR