İlham Əliyev: “Şahdəniz-2, TANAP, TAP layihələri Azərbaycanı dünyaya əvəzolunmaz bir qaz ixrac edən ölkə kimi təqdim edir"

İlham Əliyev: “Şahdəniz-2, TANAP, TAP layihələri Azərbaycanı dünyaya əvəzolunmaz bir qaz ixrac edən ölkə kimi təqdim edir"
# 10 yanvar 2014 00:14 (UTC +04:00)

Bakı-APA. “Neft-qaz sektorunda 2013-cü il tarixdə qalacaq. 2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində deyib. Dövlət başçısı bildirib ki, 2012-ci ildə TANAP layihəsi ilə bağlı sazişin imzalanması 2013-cü ilin iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçilməinə gətirib çıxarıb: “Ondan sonra müvafiq kontraktlar bağlanıb. Artıq Azərbaycan qazının 2018-ci ildən sonra Avropada satılması ilə bağlı bütün kontraktlar bağlanıb. Nəhayət, ilin sonunda - dekabrın 17-də Bakıda “Şahdəniz-2” investisiya Sazişi bağlanıb. Bu tarixi nailiyyətdir, tarixi qələbəmizdir. Bu layihə XXI əsrin layihəsidir”.

Prezident İlham Əliyev bildirib ki, bu layihə Azərbaycana böyük dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi: “Ölkəmizin nüfuzu, bizim iqtisadi gücümüz artacaq. Ölkəmizə böyük həcmdə investisiyalar gətiriləcək. “Şahdəniz-2”, TANAP, TAP - yəni, bu məsələ ilə bağlı olan layihələrin icrası ancaq ilkin hesablamalara görə, 45 milyard dollar investisiyanın cəlb edilməsinə xidmət göstərəcək. Nəzərə alsaq ki, artıq Azərbaycanda tikinti sektorunda, infrastruktur layihələrinin icrasında, neft-qaz əməliyyatlarının aparılmasında böyük təcrübə toplamış həm dövlət, həm özəl qurumlar, şirkətlər var, əlbəttə, bu şirkətlərə böyük sifarişlər veriləcək. Beləliklə, bizim biznesimizdə qeyri-neft sektorumuz yeni imkanlara çatacaq”.

“Biz çalışacağıq və bunu artıq demişik ki, harada mümkündür, harada bizdə standartlara uyğun işlər görülür bütün kontraktlar Azərbaycan şirkətlərinə verilsin və onlara şərait yaradılsın. Yəni, bu layihə Azərbaycanı dünyaya əvəzolunmaz bir qaz ixrac edən ölkə kimi təqdim edir”, deyə ölkə başçısı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu layihə beynəlxalq birliyin də böyük dəstəyini qazanıb: “Azərbaycanda aparıcı ölkələrin, yüksək vəzifəli şəxslərin iştirakı ilə təntənəli mərasim keçirilib. Azərbaycan “Cənub” qaz dəhlizinin təşəbbüskarı kimi burada da öz həlledici rolunu oynadı. Mən tam əminliklə deyə bilərəm ki, əgər Azərbaycan bu tarixi məsuliyyəti öz üzərinə götürməsəydi və həlledici anlarda cəsarət, uzaqgörənlik, prinsipial mövqe göstərməsəydi, bu layihə icra edilməzdi. Biz “Cənub” qaz dəhlizi ilə bağlı artıq 10 ilə yaxındır ki, müxtəlif tədbirlərdə iştirak edirdik. Mən şəxsən bəlkə 10-a yaxın beynəlxalq konfransda, tədbirdə, müşavirədə iştirak etmişdim. Ancaq görürdük ki, bu məsələ inkişaf etmir, yəni, elə yerində sayır, tərpənmir, qabağa getmir. Ona görə, biz yenə də məsuliyyəti öz üzərimizə götürdük. Biz anlayırdıq ki, bu layihənin lideri olmalıdır və liderlik funksiyasını öz üzərimizə götürdük. Bu, böyük məsuliyyətdir. Həm siyasi məsuliyyətdir, həm maliyyə məsuliyyətidir”.

Dövlət başçısı əlavə edib ki, son illər ərzində ölkədə yaradılan güclü iqtisadiyyat bu gün imkan verir ki, Azərbaycan bu layihələrdə də, qlobal xarakter daşıyan layihələrdə də liderlik keyfiyyətlərini ortaya qoysun: “Bu gün Avropanın enerji təhlükəsizliyi məsələlərinin bir hissəsi Azərbaycan tərəfindən irəli sürülmüş layihələr hesabına təmin ediləcək. Bu layihənin əhəmiyyəti o qədər böyükdür ki, gələcək illər mənim sözlərimi bir daha təsdiqləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR