Fəttah Heydərov: “Prezidentimiz öz mövqeyi ilə bütün dünyanı haqq və ədaləti dəstəkləməyə çağırdı”

Fəttah Heydərov: “Prezidentimiz öz mövqeyi ilə bütün dünyanı haqq və ədaləti dəstəkləməyə çağırdı”
# 02 may 2014 17:31 (UTC +04:00)

Bakı-APA. “Azərbaycan beynəlxalq müstəvidə güclü, öz sözünü deyən dövlətdir. Praqada «Şərq tərəfdaşlığı» Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Prezident İlham Əliyevin çıxışı bu faktı bir daha təsdiqlədi. Dövlətimizin başçısının çıxışında dünyada baş verən qlobal hadisələr, beynəlxalq müstəvidə münasibətlərin mövcud səhnəsi çox açıq və dəqiq formada ifadə olundu. Bu çıxış Azərbaycan xalqı ilə yanaşı bəşəriyyətin bütün sülhsevər insanlarının ürəyincə oldu, ona görə də, cənab İlham Əlyievin mövqeyi böyük rəğbətlə qarşılanır”. APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.

F. Heydərov bildirib ki, prezident çıxışında beynəlxalq təşkilatların, dünya dövlətlərinin beynəlxalq hüquq normalara yanaşmada yol verdikləri nöqsanları səsləndirilib: “Bu, onlara ciddi bir mesaj oldu”.

Onun sözlərinə görə, dövlət başçısı bu çıxışı dünyadakı proseslərə ikili standartlarla yanaşanların üzünə çırpılan şillə olub: “Prezidentimiz öz mövqeyi ilə bütün dünyanı haqq və ədaləti dəstəkləməyə çağırdı. Bu mövqe dünyada baş verən eyni tipli proseslərə fərqli, ikili standartlarla yanaşan qüvvələrə dərs oldu. Yəni, dünyada ədaləti qorumaq, haqqı müdafiə etmək, insanlara xidmət etmək kimi bəşəri dəyərlər prezident İlham Əliyevin fəaliyyətinin başlıca prinisipidir”.

F. Heydərov deyib ki, Azərbaycan bütün dünyada haqq və ədalətin bərqərar edilməsinin tərəfdarıdır. Deputat dövlət başçısının işğalçı Ermənistanın prezidentinə tutarlı cavabına xüsusilə diqqət çəkib: “Sarkisyanın yalanlarını cənab prezident İlham Əliyevin ifşa etməsi Türkiyə ilə Azərbaycanın qardaş olduğunu bir daha təsdiqlədi. Bu, onu göstərir ki, erməni tərəfi nə qədər hiyləgərlik etsə də, öz daxili xislətlərinin mahiyyətini gizlətməyə çalışsa da, məqsədinə çata bilməyəcək. Çünki onların qarşısında Azərbaycanın güclü, qətiyyətli lideri dayanıb. Cənab İlham Əliyevin mövqeyi Türkiyə ilə bizim qardaşlıq əlaqələrimizə parlaq nümunədir. Onun çıxışını türk xalqı da rəğbətlə qarşıladı”.

Bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini deyən millət vəkilinin sözlərinə görə, bir çox dövlətlərin Azərbaycanın inkişaf modelinə böyük maraq göstərməsi təsadüfi deyil: “Çünki hazırda bir çox yerlərdə iqtisadi və siyasi böhran, silahlı qarşıdurmalar baş verdiyi halda, Azərbaycan bütün sahələr üzrə davamlı inkişaf edir, xalqın rifahı yüksəlir, intellektual kapitalımız güclənir. Təbii ki, bütün bu amillər bizi böhranlardan qoruyur. Bu siyasəti də prezident İlham Əliyev həyata keçirir. Bu mənada, beyənlxalq səviyyəli mötəbər tədbirlərin Azərbaycanda keçirilməsinin ənənə halını alması təsadüfi deyil. Çünki ölkəmizdə inkişaf, sabitlik, tərəqqi təcrübəsi var. Ona görə də, xaricdən gələn mötəbər qonaqlar inkişafımızı təqdir edir və Azərbaycana səfərlərindən böyük məmnunluq hissi keçirirlər”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR