İran prezidenti ölkədə hərbi və raket manevrlərinin keçirilməsinə mane olub

İran prezidenti ölkədə hərbi və raket manevrlərinin keçirilməsinə mane olub
# 10 fevral 2014 08:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran parlamentinin 24 deputatı ölkə prezidentinə yazılı xəbərdarlıq verərək onu sərt tənqid ediblər.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, buna səbəb Həsən Ruhaninin ölkədə hərbi və raket manevrinin keçirilməsinə dəstək verməməsidir.

Məktub fevralın 9-da İran parlamentində oxunulub. Sənəddə son on ildə ilk dəfədir İran Ali Milli Təhlükəsizlik Şurasının katibliyinin Silahlı Qüvvələrin illik böyük raket manevri keçirilməsinə mane olmasından və bunun üçün lazımi vəsaitin ayrılmasına göstəriş verilməməsindən təəssüf hissi qeyd edilir.

Məktubda həmçinin İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bağlı tənqidi fikirlər də öz əksini tapıb. Belə ki, deputatların ona İranın müdafiə sənayesinin irəliləməsinə dəstək olmaması və ölkənin raket gücünün inkişaf etdirilməsi üçün başqa ölkələrin mütəxəssislərdən ibarət nümayəndə heyətlərinin səfərlərinin qarşısını alması ilə bağlı sualları yer alıb: “Nə üçün İran XİN rəhbəri ABŞ-ın BMT-dəki səfirinin xahişi ilə ölkənin raket gücünün inkişaf etdirilməsi üçün başqa ölkələrin mütəxəssislərdən ibarət nümayəndə heyətlərinin səfərlərinin qarşısını almalıdır?”

Qeyd edək ki, sənəddə M.C.Zərifin hansı ölkənin nümayəndə heyətinin səfərinin qarşısını aldığı öz əksini tapmayıb. Ancaq bir müddət əvvəl ABŞ-ın BMT-dəki səfirinin istəyi ilə Şimali Koreya nümayəndə heyətinin İrana səfərinə icazə verilmədiyi ilə bağlı məlumat yayılıb. İranın BMT-dəki daimi nümayəndəliyi isə xəbəri təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR