ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı müharibənin başa çatdırılması üçün hazırlanan sülh planı çərçivəsində Avropa ölkələrinin Rusiyadan təbii qaz alışını bərpa etməsini nəzərdən keçirir.
“The New York Times” nəşrinin mənbələrə istinadən məlumatına görə, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bu təşəbbüsü Ukrayna və Avropa rəsmiləri ilə müzakirə ediblər.
Bildirilib ki, sentyabrda Kiyevə səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə də məsələ ətrafında fikir mübadiləsi aparılıb.
Amerika tərəfi Ukraynaya əvvəllər Rusiya qazının Avropaya nəql olunduğu boru kəmərlərinin fəaliyyətinin bərpasını nəzərdən keçirməyi təklif edib.
Vaşinqton hesab edir ki, bu addım Moskvanın müharibənin dayandırılmasına razılıq verməsi üçün stimullardan biri ola bilər.
Nəşrin məlumatına görə, Avropa nümayəndələri təklifi mənfi qarşılayıblar. Bununla belə, Tramp administrasiyası Rusiya qazının ixracının bərpasını mümkün sülh sazişinin tərkib hissəsi kimi qiymətləndirir.
ABŞ rəsmiləri bu təşəbbüsün Ukraynaya tranzit gəlirləri qazandıra, Avropa istehlakçılarını isə daha ucuz enerji resursları ilə təmin edə biləcəyini bildirirlər.