Müəllimə xalq yazıçısı Əkrəm Əylislini tədris etməkdən imtina edib

Müəllimə xalq yazıçısı Əkrəm Əylislini tədris etməkdən imtina edib
# 01 fevral 2013 12:41 (UTC +04:00)

Dövlət Pedaqoji Universitetinin və Bakı şəhərindəki S. Pişəvəri adına humanitar fənlər gimnaziyasının müəllimi Tahirə Tahir qızı Səfərova APA-ya açıqlamasında digər həmkarlarını da bu addımı atmağa çağırıb: “Xalq yazıçısı Əkrəm Əylislinin ermənipərəst mövqeyi bir müəllimə kimi məni çox ağrıtdı. Qələmə aldığı “Daş yuxular” əsəri ilə o, erməniləri nə qədər sevdiyini ortaya qoydu. Sanki həmin romanı türkün düşməni Sero Xanzadiyan, Zori Balayan, Silva Kaputikyan yazıb. Qərbi Azərbaycanlıları yurd-yuvasından ən ağır təhqirlərlə didərgin salan erməni vəhşiliklərini Əkrəm Əylisli heç düşündümü? Düşünmüş olsaydı yəqin ki, böyük bir toplumu təhqir etməzdi. O, ermənilərin sifarişini yerinə yetirib. Əksinə olsaydı Qərbi Azərbaycanda 300-ə yaxın soydaşımızın vəhşicəsinə qətlə yetirildiyini, hamilə qadınları diri-diri torpağa basdıran erməni daşnaklarının qəddarlığını göz önünə gətirərdi. Yaxşı, bunu etməyib özü bilər. Bəs, ermənilərin Qarabağımızda törətdikləri vəhşilikləri niyə göz altına almır? Xocalıda hamilə qadının qarnını xəncərlə yarıb altı aylıq uşağın başını kəsən faşist erməni haqqında niyə bir söz açmır? 20 ildir ki, Qarabağımız tapdaq altında qalıb, kəndlər, yurd yerləri darmadağın edilib, bir milyon qaçqınımız var, Qarabağın elə kəndi yoxdur ki, onlarla, yüzlərlə şəhid verməsin. Əkrəm Əylisliyə bunları öyrətmək lazım deyil. Özü hamıdan yaxşı bilir, amma danışmır. Biz indi onu necə Azərbaycan ziyalısı hesab edə bilərik? Üzümü onun da üzv olduğu Ziyalılar Forumuna tutaraq soruşuram. Budurmu ziyalılıq və Azərbaycançılıq?! Min təəssüf! Mən bir müəllimə kimi belə qərara gəldim ki, Əkrəm Əylislinin ədəbiyyat dərsliyinin proqramına salınmış həyat və yaradıcılığını tədrisdən imtina edim. Mən bu dərsi keçə bilmərəm. Ölkəmdəki bütün ədəbiyyat müəllimlərini, həmkarlarımı da bu tədrisdən imtina etməyə çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR