Cəzaçəkmə müəssisəsində növbəti peşə hazırlığı kursları təşkil ediləcək

Cəzaçəkmə müəssisəsində növbəti peşə hazırlığı kursları təşkil ediləcək
# 03 mart 2015 08:46 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyi arasında 2014-cü ilin martında imzalanmış müvafiq Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin peşə reabilitasiyasına cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Econmics”ə verilən məlumata əsasən, martın 5-dən etibarən Bakının Nizami rayonundakı 6 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkmə müddəti cari ilin ortalarında başa çatacaq 16 nəfər şəxs üçün peşə hazırlığı kursuna başlanacaq.

Cəzaçəkmə müəssisəsinin nəzdindəki peşə məktəbinin bazasında həmin məhbuslar iki ay müddətində müvafiq peşə təlimi keçməklə, mebel quraşdırıcısı peşəsinə yiyələnəcəklər. Cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra onların yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün yaşadıqları ərazi üzrə məşğulluq orqanları tərəfindən müvafiq işlər aparılacaq.

Qeyd olunan Tədbirlər Planına əsasən, ötən il ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər şəxs, o cümlədən, 32 nəfər məhbus qadın dərzi, dülgər-xarrat, kompüter istifadəçisi, kompüter texnikasının təmiri, bərbər-manikürçü və s. peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu istiqamətdə işlər Azərbaycan Prezidentinin 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na əsasən aparılır. Proqramda cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluqlarına köməklik məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkil edilməsi də əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR