Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir - FOTO

Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir - <span style="color: red;">FOTO
# 26 oktyabr 2015 15:23 (UTC +04:00)

Bakı – APA. Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı rayonun Xıdırlı və Kürsəngi kəndlərində seçicilərlə növbəti görüşünü keçirib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, çoxsaylı seçicinin iştirakı ilə keçirilən görüşü F. Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov açaraq seçicilərə namizədin fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə vurğulanıb ki, F. Ağamalı Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi müddət ərzində qanunvericilik aktlarının qəbulunda hər zaman öz fəallığı ilə seçilib, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.

Görüş iştirakçıları prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini yüksək qiymətləndirdiklərini bildiriblər və hər zaman ölkə prezidenti ilə bərabər olduqlarını söyləyərək, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.

Kənd ağsaqqallarından Hacı Şəmsi Məmmədov, Babaxan İmanov, Əbdülxaliq Məmmədov, kənd ziyalıları Hümmət Qəribov, Adil Abdullayev, iş adamı İldırım Babayev, təqaüdçü Fəxrəddin Fərzəliyev, kənd sakini İsaxan İmanov çıxış edərərək seçiciləri Milli Məclisə seçkilərə gəlməyə və F. Ağamalıya səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər Xıdırlı kəndində idman zalının inşası, elektrik və qaz problemlərinin həlli, Kürsəngi kəndində isə mövcud olan orta məktəbin təmiri və uşaq baxçasının açılması ilə bağlı məsələ qaldırıblar.

F. Ağamalı noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə mandat qazanarsa, sözügedən problemlərin həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və həmin problemlərin həllinə çalışacağını seçicilərin diqqətinə çatdırıb.

Görüşdə F.Ağamalının vəkilləri – Qulu Novruzov və Xidmət Orucov iştirak ediblər.

Görüşdən sonra F. Ağamalı Salyanın Qaraçala ərazisində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR