Azərbaycanda emal sənayesində Resurs Effektivliyi və Təmiz İstehsalat layihəsi ilə bağlı Milli Konfrans keçirilib - FOTO

Azərbaycanda emal sənayesində Resurs Effektivliyi və Təmiz İstehsalat layihəsi ilə bağlı Milli Konfrans keçirilib - <span style="color: red;">FOTO
# 21 aprel 2015 08:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu, Fərid Mirzəyev - APA. Bu gün Azərbaycanda emal sənayesində Resurs Effektivliyi və Təmiz İstehsalat (RETİ) layihəsi ilə bağlı Milli Konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Avropa İttifaqı tərəfindən əsası qoyulmuş EaP GREEN-in Milli Koordinatoru Rauf Rzayev açıb.

R. Rzayev çıxışında bildirib ki, EaP GREEN, Ətraf mühit və artım üçün tərəfdaşlıq Proqramı Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkələrinin hökumətlərinə yaşıl iqtisadiyyata keçidin başlanılması üçün dəstək göstərir: “EaP GREEN çərçivəsində UNİDO – BMT-nin Sənayenin İnkişafı Təşkilatı Resurs Effektivliyi və Təmiz İstehsalat Proqramını həyata keçirir. Bu qlobal miqyasda təsdiqini tapmış yanaşma olmaqla emal sənayesi və digər sahələrdə müəssisələrin məhsuldarlığının artırılmasına, habelə ətraf mühitə olan təsirlərin azaldılmasına xidmət edir. Bu, biznes, ətraf mühit, iqlim, cəmiyyət üçün faydalıdır. Tərəfdaşlıq Proqramı 3 komponentdən ibarətdir. Artıq bir ildən artıqdır ki, Azərbaycanda emal sənayesində Resurs Effektivliyi və Təmiz İstehsalat proqramı həyata keçirilir. Azərbaycan hökuməti tərəfindən milli əlaqələndiricilər İqtisadiyyat və Sənaye Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən olunub. Ötən ilin fevralında ekspertlər seçilib. Bu gün Azərbaycanda Resurs Effektivliyi və Təmiz İstehsalat proqramı üzrə 10 ekspertimiz var. Biz kiçik və orta biznesi təmsil edən səkkiz şirkətdə qiyməytləndirmə aparmışıq. Şirkətlərdən dördü regionlarda – Zaqatala, Balakən, Gəncə və Cəlilabadda yerləşir. Yerdə qalan dörd müəssisə isə Bakı və Bakı ətrafındadır. Məsələn, Bakıda dondurma istehsal edən şirkətdə keçirilən tədbirlər nəticəsində elektrik enerjisinə 1037 manat, su sərfiyyatına isə 84 manat qənaət olunub”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq bölməsinin əməkdaşı Pərviz Yusifov Yaşıl iqtisadiyyat layihəsinin Aİ tərəfindən maliyyələşdirildiyini söyləyib: “İqtisadi inkişaf özü ilə bir çox problemlər gətirir. Yaşıl iqtisadiyyat da məhz ətraf mühitə kənar təsirlərin azalmasına xidmət edir. Bildirim ki, bu konsepsiya Rio sammitdə dünya ölkələri tərəfindən razılaşdırılıb”.

BMT-nin Sənayenin İnkişafı Təşkilatının Sənayedə Resurs Effektivliyi bölməsinin müdiri Rene Van Berkel bu layihə ilə ətraf mühitə dəyən zərərləri mümkün qədər azaltmağı qarşılarına məqsəd qoyduqlarını vurğulayıb: “Bu layihənin əsas sponsoru Avropa İttifaqıdır. Sloveniya hökuməti də bu layihəyə dəstək verir”.

İqtisadiyyat və Sənaye Nazirliyinin Milli Əlaqələndiricisi Ayaz Qədirov təmsil etdiyi qurumun bu layihəyə ciddi əhəmiyyət verdiyini qeyd edib: “Bir ilə yaxındır ki, biz sizinlə əməkdaşlıq edirik. Təxminən layihənin açılışında bu heyətdə iştirak edirdik. Artıq nəticələr var. İqtisadiyyat və Sənaye nazirliyində sənaye şöbəsi fəaliyyət göstərir ki, bu şöbə bu layihədə əlaqələndirici funksiyasını yerinə yetirir. Qeyd edim ki, ötən il Azərbaycanda sənaye ili idi. Tədbirlər planı təsdiqlənmişdi. Bu ilin əvvəlində sənaye ilinin davamı olaraq 2015-2020-ci illər üçün Sənaye Proqramı təsdiq edilib. Bu, 5 illik proqramda Azərbaycan sənayesinin qarşısında duran çağırışlar öz əksini tapıb”.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Əlaqələndiricisi Elçin Məmmədov, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı Elnur Ələkbərov və başqaları çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR