Ölkədə yağışın bəzi yerlərdə intensiv olması nəticəsində respublika çaylarında sululuq artıb

Ölkədə yağışın bəzi yerlərdə intensiv olması nəticəsində respublika çaylarında sululuq artıb
# 13 aprel 2015 10:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ötən günlər ərzində yağan yağışlar, yağışın bəzi yerlərdə intensiv olması nəticəsində respublika çaylarında sululuq artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, aprelin 11-də Gəncə-Qazax bölgəsinin Gəncəçay və Kürəkçay çaylarında səviyyə xeyli yüksəlib. Aprelin 13-də isə Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 99 sm artım qeydə alınıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında 70-100, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

Yağan yağışlar nəticəsində aprelin 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 37 sm artım müşahidə olunsa da, aprelin 13-də suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 565 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 265 m3/s olmaqla ongünlük normanın 36 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 112 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Aprelin 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 22, Şirvanda 6, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 58 sm artım, Salyanda isə 12 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 322 sm (2014-cü il aprelin 13-də 331 sm), Şirvanda 141 sm (2014-cü il aprelin 13-də 179 sm), Salyanda 77 sm (2014-cü il aprelin 13-də 108 sm), Bankədə 179 sm (2014-cü il aprelin 13-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2014-cü il aprelin 13-də 60 sm) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR