Cənubi Qafqaz Boru Kəməri ilə ildə əlavə olaraq 16 mlrd. kubmetr qazın nəqli üçün mövcud sistem genişləndiriləcək

Cənubi Qafqaz Boru Kəməri ilə ildə əlavə olaraq 16 mlrd. kubmetr qazın nəqli üçün mövcud sistem genişləndiriləcək
# 03 iyun 2015 11:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Layihəsi çərçivəsində əlavə olaraq ildə 16 mlrd. kubmetr qazı nəql edə bilmək üçün mövcud CQBK-yə paralel şəkildə 489 km uzunluğunda yeni 48 düymlük boru kəməri dövrəsi inşa edilməklə mövcud CQBK sistemi genişləndiriləcək. CQBKG layihəsinə həmçinin bir sıra qurğuların tikintisi də daxildir.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən neft-qaz konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib.

Onun sözlərinə görə, bunlar Gürcüstanda yerləşən və hər birinin gücü 129 MVt olan iki yeni kompressor stansiyasından, iki aralıq ərsinləmə stansiyasından (biri Azərbaycanda və biri Gürcüstanda olmaqla), 48 düymlük altı bağlayıcı siyirtmə stansiyasından (biri Gürcüstanda və beşi Azərbaycanda olmaqla), beynəlxalq sərhədlərdə yerləşən təzyiq azaltma və ölçmə stansiyalarından, Gürcüstan-Türkiyə sərhədində yerləşən TANAP-a birləşmə qovşağından ibarətdir: “May ayında ilk qaz üzrə BP-nin operatorluq etdiyi layihələr çərçivəsində (Şahdəniz Mərhələ 2 və CQBKG) layihə işləri üzrə təxminən 40% irəliləyiş əldə olunub, bütün əsas müqavilələr üzrə 12500 nəfərdən artıq insan işlərə cəlb olunub və onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır”.

Q. Birrel deyib ki, BP şirkəti ilk dəfə olaraq sualtı konstruksiyaların tikintisinin bütövlüklə Azərbaycan daxilində həyata keçirilməsinə imkan yaratmaq üçün qaynaq, müayinə və örtükləmə sistemləri üzrə ən müasir texnologiyalara investisiya qoyulur: “Yerli şirkətlər də bu layihələrdən əhəmiyyətli dərəcədə faydalanıb. Azərbaycan şirkətləri ilə dəyəri 5,5 mlrd. dollardan artıq olan yeni müqavilələr imzalanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR