ADA Universitetinin fakültəsi və ABŞ-ın Miçiqan Universitetinin kolleci arasında Anlaşma Memorandumu imzalanıb

ADA Universitetinin fakültəsi və ABŞ-ın Miçiqan Universitetinin kolleci arasında Anlaşma Memorandumu imzalanıb
# 24 fevral 2015 07:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. ADA Universitetinin Təhsilin İdarə Edilməsi fakültəsi və ABŞ-ın Miçiqan Universitetinin Təhsil Kolleci arasında əməkdaşlıq barəsində Anlaşma Memorandumu imzalanıb. ADA Universitetindən APA-ya verilən xəbərə görə, memorandum universitetdə yeni yaradılmış fakültə üçün müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanmasını, yüksək ixtisaslı professor-müəllim kadrların yetişdirilməsini, tələbə və müəllimlərin mübadiləsini, birgə konfrans-seminarların təşkil edilməsini nəzərdə tutur.

İmzalama mərasimində iştirak edən təhsil naziri Mikayıl Cabbarov ADA Universitetində yaradılmış fakültənin təhsilin idarə edilməsi sahəsində ixtisaslı kadrların hazırlanmasına, ölkədə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın məqsədlərinə nail olunmasına yardım edəcəyinə inandığını bildirib. Mərasimdə vurğulanıb ki, Təhsil Nazirliyi tərəfindən dəstəklənən bu əməkdaşlıq ölkədə təhsil sahəsindəki islahatlara öz töhfəsini verəcək.

Qeyd edək ki, fevralın 17-19-da Miçiqan Universitetinin Təhsil Kollecinin dekanı Donald Heller və Beynəlxalq Proqramlar direktoru Todd Drummondun iştirakı ilə ADA Universitetinin rəhbərliyi, müəllim və professorları arasında görüş keçirilib, ikitərəfli əməkdaşlıq və gələcək addımlar müzakirə olunub. ADA Universitetinin rektoru Hafiz Paşayev təhsil və tədqiqat sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu əməkdaşlıq ikili dərəcə proqramların və birgə elmi araşdırmaların həyata keçirilməsinə yönəlməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR