"SOCAR Georgia": Karbamid zavodunun tikintisinin nə vaxta qədər təxirə salındığını demək mümkün deyil

"SOCAR Georgia": Karbamid zavodunun tikintisinin nə vaxta qədər təxirə salındığını demək mümkün deyil
# 05 oktyabr 2015 06:47 (UTC +04:00)

Bunu "APA-Economics"ə "SOCAR Georgia" (SOCAR-ın törəmə şirkəti) şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.

M. Məmmədovun sözlərinə görə, bu layihənin ləğv olunması barədə yayılan xəbərlər əsassızdır: "Gürcüstanın Rustavi şəhərində Azot zavodu fəaliyyət göstərir. Həmin müəssisənin 3 mindən artıq işçisi var. Müəssisənin çox gözəl infrastrukturu var. Bu zavodun effektivliyi də kifayət qədər yaxşıdır. Ancaq bu müəssisə bu gün öz məhsulunu sata bilmir. Çünki xammalın qiyməti onların istədiyi qədər aşağı düşməyib. Ancaq dünya bazarında məhsulun özünün qiyməti aşağı düşüb. SOCAR da karbamid zavodunu bu gün Gürcüstanda tiksəydi, onun aqibəti bu cür olacaqdı".

Baş direktor qeyd edib ki, Azərbaycan tərəfi Gürcüstan hökuməti ilə məsləhətləşmələr apardıqdan sonra belə qərara gəlinib ki, layihənin tikintisi müəyyən dövrə qədər saxlanılsın: "Əgər zavodun xammalı yoxdursa, xammalın qiyməti barədə nigarançılıq varsa, bu zavod necə tikilə bilər? Bu, həm SOCAR-ın, həm də Gürcüstan hökumətinin birgə qərarıdır. Gürcüstanda olan zavod xammalı dünya qiymətləri ilə alacaq və dünya qiymətlərinə uyğun şəkildə istehsal etdiyi məhsulu dünya bazarında çıxaracaq", - deyə M. Məmmədov bildirib.

Zavodun tikintisinə nə zaman başlanacağına gəldikdə, SOCAR rəsmisi deyib ki, "bunu demək mümkün deyil". "Hazırda bütün dünyada enerji daşıyıcılarının qiyməti aşağı düşüb. Həm bazarlarda, həm də bir sıra ölkələrdə qeyri-sabitlik var. Buna görə, zavodun nə vaxta qədər təxirə salındığını demək mümkün deyil", - deyə baş direktor qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR