Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1,4% artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1,4% artıb
# 16 mart 2015 07:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu il mart ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən fevral ayında əlavə olaraq 25 368 sığortaolunana fərdi şəxsi hesab açılıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu ilin əvvəli ilə müqayisədə DSMF-in fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 1,43% artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 019 103 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1%-i (1 783 370 nəfər) kişi, 40,9%-i (1 235 733 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,5%-ni (741 096 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,2%-ni (671 975 nəfər) 30 yaşa kimi olan şəxslər, 21%-ni (634 695 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2%-ni (634 772 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,1%-ni (336 565 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Qeyd edək ki, fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR