Terminologiya Komissiyası: ADİU-nun UNEC kimi yazılması Azərbaycan dili qaydalarına ziddir

Terminologiya Komissiyası: ADİU-nun UNEC kimi yazılması Azərbaycan dili qaydalarına ziddir
# 01 oktyabr 2015 10:37 (UTC +04:00)

Bunu APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova deyib.

O, bildirib ki, prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında da Azərbaycan respublikasının dövlət dilini qorunub saxlanması ən başlıca vəzifə kimi qeyd olunub: “Azərbaycan Dövlət İqtisad Universitetindən başqa, Azərbaycandakı bütün universitetlər adlarının qısaldılmış formasında Azərbaycan dilinin qaydalarını qoruyub saxlayıb.

Ancaq İqtisad Universiteti adını UNEC kimi yazır. Bu isə həm Azərbaycan dilini qaydalarına, həm də beynəlxalq standartlara ziddir”.

S. Sadıqova qeyd edib ki, elə brend adlar var ki, onların yazılış formasına toxunulmur: “UNEC brend deyil axı. O zaman Bakı Dövlət Universiteti, yaxud Azərbaycan Dövlət Pedaqoji Universiteti də öz abreviaturalarını ingiliscə yazsın? Məsələn, SOCAR brenddir. SOCAR Türkiyədə, İtaliyada Gürcüstanda fəaliyyət göstərir. SOCAR neft şirkəti kimi dünya tərəfindən tanınır. SOCAR-la UNEC-i qarışdırmaq olmaz. Onlar tamam fərqli şeylərdir. Mən indi Nəsimi adına Dilçilik İnstitutunun adının qısaldılmış formasını düzəldib ingiliscə verim? Bu nə dərəcədə düzgündür? İqtisad Universiteti yüksək səviyyəli universitetdir, bir söz demirəm, amma bu səhvi aradan qaldırmaq lazımdır”.

ADİU-nun Marketinq və kommunikasiya departamentinin direktoru Rasim Şərifov APA-ya bildirib ki, Azərbaycan dilinə hər hansı bir hörmətsizlikdən söhbət gedə bilməz. Onun sözlərinə görə, universitetin keçmiş ASUE, ASEU abreviaturalarının erməni universitetinin adı ilə eyniləşdiyi üçün onlar UNEC abreviaturasının üstündə dayanıblar.

R. Şərifov onu da qeyd edib ki, UNEC abreviaturasına keçməklə onlar beynəlxalq aləmdə hamı tərəfindən qəbul olunan ada yiyələnməyi qarşıya məqsəd qoyublar.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 29 iyun 2015-ci il tarixli iclasının qərarına əsasən, universitetin mövcud abbreviaturası dəyişdirilərək Azərbaycan, rus və ingilis dillərində UNEC (University of Economy) kimi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR