“Qalatasaray” futbolçularını rekord məbləğdə cərimələyib

“Qalatasaray” futbolçularını rekord məbləğdə cərimələyib
# 04 iyul 2016 14:42 (UTC +04:00)

Bakı – APA. “Qalatasaray” futbolçularına rekord məbləğdə cərimə tətbiq edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom” rəhbərliyi düz 14 futbolçunu cərimələyib.

Buna səbəb oyunçuların ötən mövsüm aldıqları lüzumsuz vərəqələr və bəzilərinin yay təlim-məşq toplanışına təyin edilən vaxtda toplaşmamaları göstərilib. Cəriməyə məruz qalanlar arasında Səlçuk İnan və Uesli Sneyder kimi aparıcı simalar da var. Kapitanın intizamsızlığı 845 min avro ilə dəyərləndirilibsə, hollandiyalı düz 2,3 milyon avro cərimələnib.

Şəxsi işləri üzündən İstanbuldakı hazırlıqlara qatılmayan Sneyder bu cərimə ilə razılaşmır. Ötən mövsüm 8 sarı vərəqə görən futbolçunun meneceri Quido Albers “Qalatasaray” rəhbərliyinin Uesliyə icazə verdiyini söyləyib: “İndi isə bu icazəni kimin verdiyini soruşub, özlərini gülünc vəziyyətə salırlar. Kəsilən cəza yazılı şəkildə intizam nizamnaməsində yer almalıdı. Biz isə belə bir şey görməmişik. Əlimizdə bu cür təlimat yoxdu. Futbolçu komandada getməlidi, yoxsa maaşının azaldılmasını istəyirlər? Bizə nə istədiklərini açıq şəkildə desinlər”.

Sneyderin meneceri məsələ ilə bağlı FİFA-ya müraciət edəcəklərini bildirib. O, hətta İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət məktubu göndərəcəklərini də istisna etməyib. Yerli futbolçular isə haqlarını Türkiyə Futbol Federasiyasından tələb edəcəklər. Maraqlıdı ki, pulu kəsilən futbolçular arasında “Maynts”a transfer olunan Xose Rodriges də var.

Qeyd edək ki, “Qalatasaray” rəhbərliyi futbolçulara cəriməni aldıqları maaşa uyğun tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR