Yaqub Mahmudov: “Tarixi şəxsiyyətlərimizi qarşı-qarşıya qoymaq düzgün deyil”

Yaqub Mahmudov: “Tarixi şəxsiyyətlərimizi qarşı-qarşıya qoymaq düzgün deyil”
# 14 noyabr 2015 12:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Noyabrın 12-də Bakı Atatürk Liseyində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A. Bakıxanov adına Tarix İnstitutu və liseyin birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Dahi azərbaycanlı Heydər Əliyev” mövzusunda konfrans keçirilib.

AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, konfransda liseyin direktoru Əli Devrim məktəblilər arasında tarixi şəxsiyyətlərin tanıdılmasında və təbliğ edilməsində layihənin əhəmiyyətini vurğulayıb.

Layihənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov isə Azərbaycan tarixindən, Türkiyə-Azərbaycanın birliyindən, Vikipediyada tarixi şəxsiyyətlərimizə qarşı təxribatlardan danışıb. Millət vəkili qeyd edib ki, tarixi şəxsiyyətlərimizi qarşı-qarşıya qoymaq düzgün deyil, onları tarixdə olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır. Onun sözlərinə görə, layihə Bakının digər məktəblərində, habelə bölgələrdə də davam etdiriləcək.

Sonra layihənin təşkilat komitəsinin üzvü Röya Yaqubova “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi haqqında qısa məlumat verib.

Konfransda millət vəkili Qənirə Paşayeva və Türkiyənin Qazi Universitetinin professoru Selma Yel çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR