BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru BDU-nun fəxri doktoru olub - FOTOSESSİYA

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru BDU-nun fəxri doktoru olub - <span style="color: red;">FOTOSESSİYA
# 25 may 2015 12:34 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetində (BDU) Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO-nun) baş direktoru José Gratsiano da Silvaya BDU-nun Fəxri doktoru adı verilməsi münasibəti ilə tədbir keçirilib.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, universitetin rektoru, akademik Abel Məhərrəmov təhsilin və elmin inkişafında, müasir dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olan José Gratsiano da Silvanın bütün dünyada, o cümlədən Azərbaycanda yaxşı tanınan böyük şəxsiyyət, görkəmli siyasətçi olduğunu bildirib. 1949-cu ildə Braziliyada anadan olan Jose Gratsiano da Silva bir müddət Braziliyanın Campinas Dövlət Universitetində dərs deyib və İqtisadiyyat İnstitutunun İqtisadi İnkişaf və Ətraf Mühit üzrə Magistr və Doktorluq Proqramlarına rəhbərlik edib. O, 30 ildən artıq ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məsələləri sahəsində çalışıb. 2001-ci ildə Braziliyanın “Sıfır Aclıq” (Fome Zero) proqramını hazırlayan komandaya rəhbərlik edib. 2003-cü ildə Braziliyada Ərzaq Təhlükəsizliyi və Aclıqla Mübarizə üzrə xüsusi nazir olub. Gratsiano da Silva 26 iyun 2011-ci ildə Təşkilatın 26 üzv ölkənin nümayəndələrindən ibarət konfransında FAO-nun baş direktoru seçilib və 2012-ci ildə baş direktor mandatını qəbul edəndən bəri təşkilatın daxilində böyük transformasiya dəyişikliklərinə rəhbərlik edib. Bu islahatlar FAO-nun fəaliyyətini özünün institusional potensialının güclənməsinə, mülki cəmiyyətlə, özəl sektorla və elmi müəssisələrlə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlməsi və pul vəsaitinə ən yaxşı dəyər verilməsi ilə nəticələnib.

Sonra rektor qonağa universitetin tarixi, beynəlxalq əlaqələri, tələbələrin uğur və nailiyyətləri barədə məlumat verib. Azərbaycan xalqı, dünya elmi və mədəniyyəti qarşısında, habelə xalqlar arasında dostluq, beynəlxalq əlaqələr, insan haqları, demokratiyanın inkişafı sahəsində böyük xidmətlər göstərmiş bir sıra tarixi şəxsiyyətlərin BDU-nun fəxri doktoru adına layiq görüldüyünü vurğulayan rektor Abel Məhərrəmov BDU Elmi Şurasının 23 may 2015-ci il tarixli iclasının qərarını elan edib. Qərara əsasən, elmin və təhsilin inkişafında böyük roluna, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində, dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində əvəzsiz xidmətlərinə görə Jose Qratsiano da Silva universitetin fəxri doktoru adına layiq görülüb. Rektor Fəxri doktor diplomunu və mantiyanı qonağa təqdim edib.

Jose Qratsiano da Silva çıxış edib, tələbə və müəllimlərin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR