Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının kralına təşəkkür məktubu ünvanlayıb

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının kralına təşəkkür məktubu ünvanlayıb
# 17 oktyabr 2014 15:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il Azərbaycandan təxminən 4 minə yaxın zəvvar Həcc ziyarətini sağ-salamat başa vurub Vətənə dönüblər.

APA-nın xəbərinə görə, bu münasibətlə Azərbaycan zəvvarlarının işləri üzrə büronun rəhbəri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı kralı Abdulla bin Əbdüləziz Al Səudə təşəkkür məktubu ünvanlayıb.

Məktubda deyilir: “Qafqaz regionu müsəlmanları, azərbaycanlı qardaşlarınızın, xüsusən də Azərbaycan zəvvarları adından builki Həcc mövsümünün uğurla başa çatması və Allaha şükürlər olsun ki, onların, Həcc əməllərini çox rahat və əziyyətsiz başa vurduqdan sonra vətən torpağına sağ-salamat və gümrah qayıtmaları münasibətilə Sizə dərin təşəkkür və ali təqdirimizi çatdırmaqdan böyük şərəf duyuram. Təşəkkürlərimizi bütün qurumları və müəssisələri daxil olmaqla Krallığın Həcc Nazirliyi və sizin Bakıdakı səfirliyinizə də ünvanlayırıq. Belə ki, bu qurumlar sizin müdrik rəhbərliyiniz altında və ali göstərişlərinizi yerinə yetirərək, vizaların verilməsi və zəvvarların Müqəddəs Məkkə şəhərinə gəlişi, Həcc əməllərini rahatlıqla və təhlükəsiz şəraitdə yerinə yetirmələri üçün yaradılmış şəraitdən başlayaraq, Mədinə şəhərindəki Peyğəmbər (s) məscidini ziyarət etdikdən sonra ölkəyə qayıdanadək onların rahatlığı üçün əllərindən gələni ediblər. Həqiqətən, Azərbaycan zəvvarları başda siz olmaqla Səudiyyə Ərəbistanına, onun hökumətinə və xalqına Allahın qonaqlarının rahatlığı üçün təhlükəsizlik, nəqliyyat, səhiyyə xidmətləri sahələrində yaratdıqları o gözəl şəraitə görə səmimi təşəkkür və minnətdarlıqlarını ifadə edir, ulu və qadir Allahdan sizə, müqəddəs Allah evinin və Peyğəmbər (s) məscidinin ziyarətçilərinə göstərdiyiniz xidmət işində böyük uğurlar diləyirlər. Onlar uca Allaha dua edirlər ki, sizi özünün fəzilətləri ilə mükafatlandırsın, güc və qüvvət əta etsin ki, iki müqəddəs məscid və islam ümmətinə göstərdiyiniz xidmət sahəsindəki mübarək fəaliyyətiniz uzun illər davam etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR