ABŞ, Rusiya və Çin liderləri arasında üçtərəfli görüş müharibənin davamına xidmət edəcək.
APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında yazıb.
O bildirib ki, Ukrayna, ABŞ və Rusiya prezidentlərinin görüşü müharibənin tez sona çatmasına kömək edə bilər, amma Rusiya, Çin və ABŞ liderlərinin görüşü bunun tam əksinə xidmət edəcək.
Sibiqa qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə eyni masada oturmaq haqqı yoxdur: “O, bu masa arxasında oturmaq haqqını qazanmaq üçün atəşkəs təklifini qəbul edərək sülhə doğru ciddi bir addım atmalıdır. Bunun əvəzində isə biz mülki şəxslərə qarşı daha çox terror görürük. Terror davam etdikcə, ona heç bir masada yer olmamalıdır”, - Sibiqa vurğulayıb.
Qeyd edək ki, “The Wall Street Journal” Putinin Ukrayna müharibəsinin həlli üçün ABŞ və Çin liderləri ilə üçtərəfli görüş formatı təklif etdiyini yazıb.