Oqtay Əsədov Rusiyaya səfər edəcək

Oqtay Əsədov Rusiyaya səfər edəcək
# 15 aprel 2015 12:56 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının növbəti iclasında və 1941-45-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün aprelin 16-da Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək. APA-nın məlumatına görə, MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, nümayəndə heyətinin tərkibinə deputatlar Arif Rəhimzadə, Rasim Musabəyov, Rüfət Quliyev, Hacı Salayev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər şəxslər daxildir.

Səfər çərçivəsində O. Əsədov MDB PA-nın Şura iclasına qatılacaq. Şurada təşkilatın 42-ci plenar sessiyasının gündəliyinə daxil olan məsələlər müzakirə olunacaq, Parlamentlərarası Assambleyanın ötənilki fəaliyyətinin nəticələri dinləniləcək. Qurumun plenar iclasında vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə, sərhəd təhlükəsizliyi, auditor fəaliyyəti haqqında model qanun layihələrinə və digər məsələlərə baxılacaq. Nümayəndə heyəti qurumun Sosial və insan hüquqları, Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq, Hüquqi məsələlər, Elm, təhsil üzrə daimi komitələrin iclaslarında müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Milli Məclis sədrinin digər ölkələrdən gələn nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub. Səfər aprelin 17-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR