TQDK sədri: ”Cənub bölgəsində qızların təhsil alma problemlərinin həlli üçün tədbirlər görülür” - APA TV

TQDK sədri: ”Cənub bölgəsində qızların təhsil alma problemlərinin həlli üçün tədbirlər görülür” - <span style="color: red;">APA TV
# 11 aprel 2013 11:38 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarının sakinləri ilə görüşü zamanı jurnalistlərə açıqlamasında deyib. Komissiya sədri vətəndaşların qəbulu ilə yanaşı, həmçinin sözü gedən problemlə də bağlı yerli təhsil işçiləri ilə müzakirələrin aparılacağını diqqətə çatdırıb: ”İbtidai siniflərdə qızlarla oğlanların təhsil alma səviyyəsi bərabərlik təşkil etdiyi halda, artıq 9-10-cu siniflərdə bu bərabərlik 60, 11-ci sinifdə isə 80 faizədək azalır. Bu isə o deməkdir ki, 9-cu sinifdən sonra qızları orta məktəbdən ayırırlar”.

M. Abbaszadə çıxış yolu kimi orta məktəbdən ayrılmış qızların ən azından orta ixtisas məktəblərində oxunması təklifini irəli sürüb: ”Savadlı, təhsilli qız gələcəkdə ana olarkən sağlam nəsil böyüdə biləcək. Cənub bölgəsində qızların təhsil alma problemlərinin həlli üçün tərəfimizdən ardıcıl tədbirlər görülür və pedaqoji ictimaiyyət də bizim səylərimizi dəstəkləyir. Ümid edirəm ki, bu problem addım-addım öz həllini tapacaq”.

Qeyd edək ki, TQDK sədri ilə görüşə gələnlərin müraciətləri əsasən təhsilin səviyyəsi və bu sahədə mövcud olan problemlərlə bağlı olub. Vətəndaşlar eyni zamanda buraxılış və qəbul imtahanlarına dair fikir və təkliflərini bildiriblər. Müraciətlərin müəyyən hissəsi isə TQDK-nın səlahiyyətlərinə aid olmadığından qeydiyyata alınıb, bildirilib ki, nəzarətə götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılacaq.

TQDK sədri Məleykə Abbaszadə daha sonra bölgədə fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin və rayon təhsil şöbələrinin müdirləri ilə görüşərək, cənub bölgəsində təhsil sahəsində mövcud durumla bağlı müzakirələr aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR