Milli Məclisdə Xəzərin Azərbaycan sektorunda dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş qəbul edilib

Milli Məclisdə Xəzərin Azərbaycan sektorunda dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş qəbul edilib
# 14 aprel 2015 11:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirə olunub.

APA-nın xəbərinə görə, layihə barədə Milli Məclisin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib. O qeyd edib ki, layihə əsasında iki şirkət səmərəli və şəffaf fəaliyyət üçün üzərlərinə öhdəliklər götürür: “Saziş 3 mərhələdən - ilkin kəşfiyyat dövrü, əsas kəşfiyyat dövrü, işlənmə və hasilat dövründən ibarətdir. Podratçı şirkət tərəfindən təqdim olunmuş işlənmə və hasilat dövrü proqramı Dövlət Neft Şirkətinin təsdiqlədiyi tarixdən etibarən 23 il müddətinə təyin olunur. İşin gedişindən asılı olaraq, bu müddət uzadıla bilər. Azərbaycan neft sahəsində bütün riskləri nəzərə alıb. Bu baxımdan, BP şirkəti böyük təcrübəyə və texnikaya malik olduğuna görə Xəzər dənizinin Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatı ona həvalə olunur. Bununla bağlı nəzərdə tutulan bütün maliyyə hesabları da həmin şirkətin öhdəliyinə buraxılır. Bütün proses Dövlət Neft Şirkətinin nəzarəti və Azərbaycanın milli maraqlarının qorunması şəraitində aparılacaq. Bu saziş çərçivəsində gözlənilən nəticə əldə olunarsa, Azərbaycan tərəfi üzərinə düşən maliyyə və digər məsələlərdən doğan öhdəlikləri qarşılayacaq”.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR