Bakıda “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” beynəlxalq konfransı keçirilir - VİDEO

Bakıda “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” beynəlxalq konfransı keçirilir - <span style="color: red;">VİDEO
# 06 iyul 2015 08:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” beynəlxalq konfrans öz işinə başlayıb. Fondun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 6-8 iyul tarixlərində davam edəcək konfransın bir günü AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq.

Beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan alimlər məruzəçi qismində çıxış edəcək.

Konfransda Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər.

Konfransda Günəşin daxili qatlarını xüsusi nəzəri və eksperimental yollarla tədqiq edən modern elm sahəsi – helioseysmologiya/astroseysmologiya üzrə bir sıra mühüm məruzələr dinləniləcək. Günəşdə rəqslər və dalğalar, Günəşin yerüstü və kosmik üsullarla eksperimental tədqiqi, Günəş fəallığı, Günəş plazması, Günəş alışmaları, Günəş neytrino problemi, Günəş küləyi, Günəşin maqnit sahəsi və s. üzrə çıxışlar müzakirə ediləcək. Bir neçə məruzə Günəş və kosmik şüalar fəallığının Yer üzərində iqlimin formalaşmasına, həmçinin texnoloji sistemlərə və insan sağlamlığına təsirinə həsr olunacaq.

Konfrans materiallarına rəy verildikdən sonra kitab şəklində çapı planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR