Son on ildə Azərbaycanda işsizlik 4,9%-ə enib - FOTOSESSİYA

Son on ildə Azərbaycanda işsizlik 4,9%-ə enib - <span style="color: red;">FOTOSESSİYA
# 06 may 2015 15:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq bildirib ki, hələ 1969-82-ci illərdə Azərbaycanın bütün sahələrdə tənəzzüldən tərəqqiyə doğru dönüşünü təmin edən Heydər Əliyev sonralar müstəqil Azərbaycan dövlətinin qurulması və gücləndirilməsi kimi olduqca çətin və şərəfli tarixi vəzifəni də yüksək səviyyədə həyata keçirib.

“1995-2003-cü illərdə ölkədə davamlı xarakter alan iqtisadi inkişaf orta aylıq real əməkhaqqının 5,1 dəfə, orta aylıq nominal əməkhaqqının 6 dəfədən çox artması ilə müşahidə edilib. Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar pensiya və müavinətlərin orta aylıq məbləğinin həmin dövrdə 8 dəfə artmasına, əhalinin sosial təminatının xeyli güclənməsinə səbəb olub”, - deyə S.Müslümov bildirib.

S.Müslümov Heydər Əliyevin diqqət və qayğısı sayəsində həmin dövrdə müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə, müharibə əlillərinin nəqliyyat vasitələri ilə təminatına başlandığını da qeyd edib.

“Son on ildə ümumi daxili məhsulun dünyada rekord səviyyədə, yəni 3,4 dəfə, ÜDM-in adambaşına düşən həcminin 8,4 dəfə, əhalinin gəlirlərinin 6,5 dəfə çoxaldığı, ümummilli gəlir təsnifatına görə artıq “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksələn Azərbaycanda bu dövrdə sosial müdafiə və sosial təminat xərcləri 8 dəfə artıb. Ölkədə 2005-ci ildən tətbiq olunan yaşayış minimumunun adambaşına gəlirlərə nisbəti həmin il 65% olduğu halda, 2013-cü ildə 34%-ə enib ki, bu da əhalinin gəlirlərinin və həyat səviyyəsinin artımını göstərir. Eyni zamanda son on ildə ölkədə yoxsulluq 10 dəfə azalaraq, ümumdünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5%-ə, işsizlik isə Avropa Birliyindəki 10%-lik müvafiq göstərici ilə müqayisədə 2 dəfədən də çox aşağı, yəni 4,9%-ə enib”, - deyə nazir vurğulayıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədr əvəzi Tağı Əhmədov Heydər Əliyevin milli dövlətçiliyin qurulması və ölkəmizin hərtərəfli inkişafı, milli mənəvi dəyərlərimizin qorunması, xalqımızın böyük perspektivlərə səfərbər olunması sahəsində tarixi xidmətlərindən söz açıb. T.Əhmədov prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin qısa müddətdə Azərbaycanı regionun qüdrətli ölkəsinə, dünya birliyinin ən fəal üzvlərindən birinə çevirdiyini konkret göstəricilər əsasında diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR