Bakı Ali Neft Məktəbi Malayziya ilə əlaqələr yaradır

Bakı Ali Neft Məktəbi Malayziya ilə əlaqələr yaradır
# 30 iyun 2016 10:44 (UTC +04:00)

Bakı-APA. Malayziyanın Azərbaycandakı səfiri Roslan Abdul Rahman Bakı Ali Neft Məktəbində (BANM) olub və rektor Elmar Qasımov və professor-müəllim heyəti ilə görüş keçirib.

BANM-dən APA-ya bildirilib ki, Elmar Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. Hər iki ölkənin ortaq dəyərlərinin mövcudluğunu vurğulayan rektor xüsusilə ali təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial imkanların olduğunu qeyd edib. Neft-qaz, kimya, avtomatika və digər müvafiq sahələrdə yerli və beynəlxalq əmək bazarının ən müasir tələblərinə cavab verən yüksəkixtisaslı kadr hazırlığında Ali Məktəbin rolunu qeyd edən rektor tələbələrimiz üçün nəzəri biliklərlə yanaşı, praktik təcrübənin də əhəmiyyətini vurğulayaraq bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin tələbələr üçün yaratdığı təcrübə imkanlarından bəhs edib.

Rektor bir çox sahə ilə yanaşı, xüsusilə informasiya-kommunikasiya texnologiyaları və kompüter mühəndisliyi sahələrində Malayziya Elm və Texnologiya Universiteti və Petronas Texnologiya Universiteti ilə əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını deyib. O, BANM-in artıq əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək malayziyalı tələbələrin Ali Məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Səfir Malayziya və Azərbaycan arasında xüsusilə, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanların olduğunu və səfirliyin ikitərəfli münasibətlərin qurulması istiqamətində hərtərəfli dəstək göstərəcəyini deyib.

Sonda səfirə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR