Nazirlik Xaçmaz, Xudat və Şabran Yaşıllaşdırma və Təmizlik idarələrinin rəhbərlərini cərimələyib

Nazirlik Xaçmaz, Xudat və Şabran Yaşıllaşdırma və Təmizlik idarələrinin rəhbərlərini cərimələyib
# 05 aprel 2016 10:35 (UTC +04:00)

Şabran və Siyəzən Su-Kanal idarəsinin rəhbərliyi cərimələnib, Sumqayıt Su-Kanal idarəsinin sexinin rəisinə inzibati xəta haqqında protokol tərtib edilib

Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Xəzər dənizinin şimal istiqamətindəki Xaçmaz, Şabran, Siyəzən rayonlarının və Sumqayıt şəhərinin sahil zolağında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı cari ildə apardığı monitorinqlərin nəticələrini Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yerində araşdırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı aşkar olunan ekoloji qanun pozuntularına görə akt və protokollar tərtib edilərək inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun cərimələr tətbiq olunub.

Xaçmaz rayonunun Xaçmaz və Xudat ərazilərində formalaşan tullantıların idarə olunması zamanı törətdikləri inzibati xətaya görə Xaçmaz və Xudat Yaşıllaşdırma və Təmizlik İdarələrinin rəhbərlərinə qarşı akt və protokollar tərtib edilib, qanun pozucularının hər biri 2000 manat məbləğində cərimələnib. Şabran ərazisində formalaşan çirkab suların təmizlənmədən və zərərsizləşdirilmədən Dəvəçiçay, Dərəçay və digər təbii axarlar vasitəsi ilə Xəzər dənizinə axıdıldığı faktı aşkar olunub. Faktla bağlı Şabran Su-Kanal idarəsinin rəhbərliyi 3000 manat məbləğində, həmçinin rayon ərazisində bərk məişət tullantılarının idarə olunması zamanı inzibati xətaya yol verdiyi üçün Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinin rəhbəri 2000 manat məbləğində cərimə edilib.

Siyəzəndə formalaşan tullantı sularının təmizlənməsi üçün şəhərin ərazisində olan mexaniki təmizləmə qurğusu tamamilə yararsız vəziyyətə düşdüyündən çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdıldığı üçün Siyəzən Su-Kanal idarəsinin rəhbərinə qarşı 3000 manat məbləğində cərimə tətbiq olunub. Monitorinq zamanı Sumqayıt şəhərində də Xəzər dənizinin çirkləndirilməsi faktı müəyyən olunub. Ərazidən götürülmüş su nümunələrində çirklilik həddi normadan artıq olduğundan Sumqayıt Su-Kanal idarəsinin təmizləyici qurğular sexinin rəisinə inzibati xəta haqqında protokol tərtib edilib. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün müvafiq icra hakimiyyətlərinə və aidiyyəti qurumlara məktubla müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR