Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 May

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 May
# 24 may 2016 18:18 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Türkiyədə Binali Yıldırımın rəhbərliyi ilə formalaşan 65-ci cümhuriyyət hökumətinin tərkibi açıqlanıb. Yeni Nazirlər Kabinetinin müəyyənləşdirilməsində prezident Rəcəb Tayyib Ərdoğanın söz sahibi olduğu şübhəsizdir.

Əvvəlki, Əhməd Davudoğlu hökumətində təmsil olunan 8 şəxs yeni kabinetə daxil edilməyib. Onların arasında ən diqqət çəkən fiqurlar kimi baş nazirin müavini Yalçın Akdoğan və Avropa Birliyi naziri Volkan Bozkırın adlarını çəkmək olar.

Yalçın Akdoğan ötən ilin əvvəllərində kürd probleminin həli prosesinin yekunu kimi İstanbuldakı Dolmabahçe sarayında PKK terror təşkilatının siyasi qanadı sayılan HDP ilə imzalanan 10 maddəlik razılaşmanın əsas müəlliflərindən biridir. Sonradan bu hadisənin seçkilər öncəsi hakim partiya AKP-nin reytinqinə mənfi təsir etdiyi bəlli olduqda, ölkə rəhbərliyi və şəxsən prezident Ərdoğan bu razılaşmadan imtina etdilər. Bir müddət sonra prezident, ümumiyyətlə, belə bir razılaşmadan xəbəri olmadığını bəyan etdi. Belə görünür ki, Y.Akdoğan məhz bu məsələnin qurbanı olub.

Volkan Bozkır isə baş nazir Davudoğlu ilə birlikdə Avropa Birliyi ilə əldə olunan son razılaşmaların əsas müəllifi idi. Məlum olduğu kimi, prezident Ərdoğan bu razılaşmaları sərt tənqid edir və orada əksini tapmış şərtlərdən biri - Türkiyənin terrorla mübarizə qanununda dəyişiklik edilməsinin yolverilməz olduğunu bildirir. Məhz bu səbəblə Ərdoğanın qəzəbinə düçar olan Volkan Bozkırı yeni hökumətdə Ömər Çelik əvəzləyib.

Başqa bir diqqətçəkən məqam müdafiə naziri İsmət Yılmazın təhsil naziri təyin olunmasıdır.

Ümumilikdə yeni hökumətin, baş nazir də daxil olmaqla, birbaşa prezidentin nəzarətində və onun təlimatları əsasında çalışacağını söyləmək olar. Türkiyə faktiki olaraq prezident üsul-idarəsinə keçib. İndi qalır bu faktiki durumu hüquqiləşdirmək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR