Coğrafiya İnstitutu: Yağışlar böyük sürüşmə sahələri yarada bilər

Coğrafiya İnstitutu: Yağışlar böyük sürüşmə sahələri yarada bilər
# 16 oktyabr 2015 13:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Payızın yağmurlu keçməsi, bizi xüsusilə Bakı və Abşeronda, Muğanlı-İsmayıllı-Şamaxı yolundakı sürüşmə zonalarına diqqəti artırmağa sövq edir. Həmin sürüşmə zonalarında proseslərin inkişaf tendensiyası diqqətlə izlənilməlidir. Yağışlar bu cür intensiv xarakter alacağı təqdirdə, başqa ərazilərdə də böyük və lokal sürüşmə sahələri yarana bilər”. Bunu APA-ya AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

O bildirib ki, Abşeron ərazisində, xüsusilə Bakı ətrafında, Xırdalanda, Lökbatan qəsəbəsi və Lökbatana gedən yolun ətrafında, Xocasən gölü və onun ətrafında, Yasamal ətrafı yamaclar potensial sürüşmə təhlükəli zonalardır.

Direktor müavini əlavə edib ki, Abşeron yarımadasında çoxlu sürüşmə təhlükəsi olan ocaqlar var: “Abşeron yarımadasında, Bakı ətrafı kənd və qəsəbələrdə, Bayıl amfiteatrı, Zığ qəsəbəsi, Əhmədli, Yeni Günəşli zonasında, Masazır və sair ərazilərdə sürüşmə təhlükəsi olan ocaqlar mövcuddur. Bu sürüşmə ocaqlarının daha fəal olanları sözsüz ki, Bakı amfiteatrı, Zığ və Masazırda olan sahələrdir. Zığ qəsəbəsindəki sürüşmə zonası yayın sonu, payızın əvvəllərində fəal idi. Lakin rütubətin artması orada yenidən sürüşmə prosesinin güclənməsinə səbəb olub və bu proses artıq orada getməkdədir”.

E. Əlizadə qeyd edib ki, şəhər ərazisində və ətrafında aparılan çoxlu yol və bina tikintisi, habelə yamacların kəsilməsi sürüşmə prosesini sürətləndirən amillərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR