Əvəzolunmaz Şarm Əl-Şeyx - REPORTAJ

Əvəzolunmaz Şarm Əl-Şeyx - <span style="color: red;">REPORTAJ
# 23 iyun 2016 10:01 (UTC +04:00)

Bakı - APA. "Silk Way Travel" şirkətinin dəstəyi ilə bir qrup azərbaycanlı jurnalistin Misir Ərəb Respublikasının kurort şəhəri Şarm Əl-Şeyxə infoturu təşkil olunub.

APA-nın infotura qatılan əməkdaşı Yaxın Şərq regionunda bənzəri olmayan kurort şəhərindən reportaj hazırlayıb.

Qırmızı dənizin sahilindəki cənnət

Şarm Əl-Şeyx - Misirin Sinay yarımadasında, Qırmızı dənizin sahilində yerləşən kurort şəhəridir. Bura eyni zamanda, Misirin Cənubi Sinay əyalətinin inzibati mərkəzidir. Səhrada yerləşən Şarm Əl-Şeyx unikal dənizi, bol qumu və qızmar havası ilə istirahət baxımından ideal məkandır.

"Mən hər il bura gəlirəm. Düzdür, əvvəlki illərlə müqayisədə bu il adam az olsa da, burda turizm üçün mövcud olan ideal şəraiti hələlik heç bir yerdə tapa bilməmişəm".

Bunu hər il İordaniyadan Şarm Əl-Şeyxə gələn Bədri deyir.

Türkiyə, Rusiya kimi ölkələrin kurort şəhərlərində də dincəlməyə imkan tapan Bədri bildirir ki, Şarm Əl-Şeyx sadəcə əvəzolunmazdır.

Azərbaycanlı jurnalistlərlə görüşdə Misirin Cənubi Sinay əyalətinin qubernatoru, general Xalid Foda Şarm əl-Şeyx şəhərinin, habelə şəhər aeroportunun təhlükəsiz olduğunu xüsusi qeyd etdi. Qubernator Şarm əl-Şeyx şəhərinin böyük sayda turisti qəbul etmək iqtidarında olduğunu da bildirdi.

Təyyarə qəzası belə rusların Şarm Əl-Şeyxə marağı azalmayıb

Çin, İtaliya, Almaniya, Ukrayna və digər ölkələrdən Şarm Əl-Şeyx şəhərinə gələn turistlərin sayı artmaqdadır. Məlum təyyarə qəzasından sonra rusiyalı turistlərin də Şarm Əl-Şeyxə marağının azalmadığını söyləməliyəm...

Şarm Əl-Şeyxə ayaq basdığınız zaman ünsiyyət üçün ən ideal dil rus dilidir. Rusiyalı turistlərin çoxluğu öz işini görüb. Böyükdən tutmuş kiçiyə turistlərlə işləyən hər kəs rusca səlis də olmasa, normal qaydada danışa bilir.

Bələdçinin sözlərinə görə, Şarm Əl-Şeyxdə turizm mövsümü bir qayda olaraq sentyabr ayında açılır. Əsasən yanvar, fevral və mart aylarında turist sarıdan bolluq yaşanır. Havanın hərarəti 30-40 dərəcə arasında dəyişir. Yol kənarlarında inşa edilməkdə olan obyektlər isə hökumətin bölgəyə əlavə investisayalar yatırdığını göstərir. Qubernator X. Foda bildirdi ki, Şarm əl-Şeyxdə idman turizmi baxımından da böyük perspektiv var. Həmçinin gecə klubları, kazinolar, safari, delfin şou Şarm Əl-Şeyxdə istirahətə əlavə rəng qatır. Çimərlik istirahəti və sualtı üzgüçülük sevənlər üçün də Şarm Əl-Şeyx ideal məkandır. Mərcan rifləri, zəngin fauna, müxtəlif rəngli balıqlar dayvinq sevərlər üçün olduqca maraqlıdır.

Şarm Əl-Şeyxdə Uzaq Şərq ölkələrinin mətbəxi ilə müqayisədə demək olar ki, yemək sarıdan problem yoxdur. Otellərdə, habelə restoranlarda əsasən dünya və yerli mətbəxin sintezi sizin ağız dadınız üçün geniş seçim imkanı yaradır.

Misirdə ümumilikdə böyük sayda turizm obyektləri mövcuddur. Ölkədəki otellərin təxminən 50 faizi 2-3 ulduzludur. Misirdə təqribən 4 milyona yaxın insan turizm sahəsində çalışır. Ümumi daxili məhsulun təxminən 12 faizi turizm sektorundan əldə edilən gəlir hesabına formalaşır. Son 10 il ərzində Misirə gələn turistlərin sayı 5 milyondan 15 milyon nəfərə qədər, yəni 3 dəfə artıb.

Təbii ki, Şarm Əl-Şeyxdə istirahət edib, Gizadakı piramidaları və Sfinksi ziyarət etməmək günah olar. Üstəlik Aralıq dənizi sahilində yerləşən İsgəndəriyyə şəhərinə getmək də səfərin əsas hissələrindən sayılır.

Azərbaycanlılar Misirə dekabr, yanvar və martda səyahət etməyə üstünlük verirlər

Son 2 il ərzində Misiri minlərlə azərbaycanlı turist ziyarət edib. Azərbaycanlı turistlər dekabr, yanvar və mart aylarında Misirə səyahət etməyə üstünlük verirlər.

Misirdə etnik və dini baxımdan müxtəliflik mövcuddur. Bu müxtəlifliyi ayırd etmək mümkünsüzdür. Digər tərəfdən də yerli xalqın qonaqpərvərliyi insanın özünü Misirdə yad hiss etməyə qoymur. Qoynunda böyük bir tarixi yaşadan diyara - Misirə səyahət insanda unudulmaz hislər yaşadır...

"Silk Way Travel" Bakıdan Şarm Əl-Şeyxə bu il ilk uçuşu iyunun 3-də həyata keçirib. İlkin mərhələdə Şarm Əl-Şeyxə uçuşlar həftədə 1 dəfə olmaqla, cümə günü “Air Cario” aviaşirkəti tərəfindən “Airbus A320” təyyarəsi ilə həyata keçirilir. Təyyarə 09.30-da Bakıdan havaya qalxır və yerli vaxtla 11.00-da Şarm Əl-Şeyxə çatır. Əks istiqamətdə isə 03.00-da havaya qalxan təyyarə 08.30-da Bakıda olur. Gələcəkdə aviareyslərin sayının artırılması planlaşdırılır. Bir biletin qiyməti gediş-gəliş də daxil olmaqla orta hesabla 300 ABŞ dolları təşkil edir.

Bakı-Şarm Əl-Şeyx-Bakı marşrutu üzrə aviabiletləri “Air Cairo” aviabilet satışı üzrə Azərbaycandakı rəsmi agenti "Silk Way Travel" şirkətinin ofislərindən əldə etmək mümkündür. Eyni zamanda, "Silk Way Travel" şirkəti yay mövsümündə Şarm Əl-Şeyx kurortuna 2 nəfərlik səyahət təklif edir ki, turun qiyməti cəmi 870 ABŞ dollarıdır.

Qiymətə Bakı-Şarm Əl-Şeyx-Bakı istiqamətində birbaşa uçuş (“Air Cairo”), Le Mirage Rage New tower 4* otelində 6 gecə, Al inclusive qidalanma, tibbi sığorta və transfer xidməti (hava limanı-otel-hava limanı) daxildir.

Qeyd edək ki, vizaya görə rüsum (25 dollar) turist tərəfindən Şarm Əl-Şeyx hava limanına gəldikdə ödənilir. Qeyd olunan qiymətlər 2 nəfərlik otaqda qalmaq şərti ilə 1 nəfər üçün hesablanıb və 2016-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Fərid Mirzəyev

Şarm Əl-Şeyx - Bakı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR