Fransa-Azərbaycan Universitetinə qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Fransa-Azərbaycan Universitetinə qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb
# 18 iyul 2016 12:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən Fransa-Azərbaycan Universitetinə (UFAZ) qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən APA-ya verilən xəbərə görə, qeydiyyatda ali məktəblərə qəbul imtahanlarından I qrup üzrə 500 və daha yüksək bal toplayan abituriyentlər iştirak edir. Qeydiyyat sənədlərini təqdim etmək üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə gələn gənclər burada onlar üçün hazırlanmış xüsusi auditoriyada ADNSU-nun əməkdaşları tərəfindən qeydiyyat proseduru haqda məlumatlandırılır, daha sonra isə qeydiyyatdan keçirlər.

Sənədlərin qeydiyyatı 18 -23 iyul tarixləri arasında onlayn rejimdə (ufaz.edu.az saytında) və ya çap olunmuş şəkildə saat 10.00-dan 17.00-dək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (İKT Mərkəzi, Birinci korpus, Azadlıq pr. 34) təqdim edilməklə baş tutur. Qeydiyyata alınmış abituriyentlər 27 iyul tarixində saat 10:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçiriləcək imtahanda iştirak edəcəklər. 2 saat davam edəcək imtahan hər birində 10 sual olmaqla Azərbaycan və rus dillərində riyaziyyat, kimya, fizika və ümumi biliklər bölməsindən və ingilis dilində yazılacaq 2 esseden ibarətdir.

UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR