"Unibank" kreditləşmə prosesində müştəriləri barədə daha ətraflı informasiya toplayacaq

"Unibank" kreditləşmə prosesində müştəriləri barədə daha ətraflı informasiya toplayacaq
# 16 oktyabr 2015 08:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Mövcud iqtisadi şəraiti nəzərə alaraq “Unibank” ASC kreditlərin ayrılması istiqamətində risklərin azalmasına dair daha ciddi tədbirlərin alınması üçün müştərilər barədə daha ətraflı informasiyanın toplanılmasını planlaşdırır.

APA-Economics”in məlumatına görə, bu barədə "Elektron Hökumət” portalı və “Unibank”ın mütəxəssisləri arasında baş tutmuş görüşdə vətəndaşlar üçün daha innovativ elektron xidmətlərin hazırlanması məsələsinin müzakirəsi zamanı məlumat verilib.

Bununla əlaqədar, “Unibank” vətəndaşlar qarşısında əlavə sənəd tələbi qoymaq kimi ənənəvi üsul əvəzində, vətəndaş tərəfindən bu arayışların "Elektron Hökumət” portalı vasitəsilə ötürülməsini təmin etməyə hazırlaşır. Bununla da, artıq kredit üçün müraciət edən vətəndaşın ödəmə qabiliyyətini daha ətraflı təhlil etmək və düzgün dəyərləndirmə aparmaq mümkün olacaq.

“Unibank” özünün bir sıra onlayn xidmətlərini ölkənin vahid elektron xidmət məkanı olan "Elektron Hökumət" portalına inteqrasiya etməklə, bu xidmətləri vətəndaşlar üçün əlçatan edərək prosesi sadələşdirməyi planlaşdırır.

Qeyd edək ki, görüşdə həmçinin, elektron imzanın imkanları, onlayn imzalama vasitələri və bunun üstünlükləri, bank müştəriləri ilə onlayn sənəd mübadiləsi təşkili məsələləri müzakirə edilib.

Xatırladaq ki, ötən ilin oktyabr ayından "Elektron Hökumət” portalı ilə əməkdaşlıq edən "Unibank” artıq bir ildir ki, kreditlərin sənədləşdirilməsi üçün portalın elektron arayış xidmətindən istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR