“Azəryolservis” və NİİM məktəblilər üçün sosial aksiya keçirib

“Azəryolservis” və NİİM məktəblilər üçün sosial aksiya keçirib
# 24 noyabr 2015 13:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və “Azəryolservis” ASC tərəfindən ictimai nəqliyyatdan və piyada keçidlərindən düzgün istifadə ilə bağlı növbəti maarifləndirici aksiya təşkil olunub.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, aksiya zamanı tədris müəssisələrinin qarşısında azyaşlı məktəblilər üçün hazırlanmış yol hərəkəti və ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər paylanılıb.

Xüsusilə orta məktəblərin yaxınlığındakı yeraltı və yerüstü piyada keçidlərin yanında üzərinə, “Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!” (Keç yerüstü keçiddən, uzaq ol təhlükədən!) şüarı yazılan posterlər yapışdırılıb.

"Orta məktəb şagirdlərinin yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir. Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların davranışından asılıdır. Bu səbəbdən yol hərəkəti qaydalarının öyrədilməsi və bu istiqamətdə maarifləndirici aksiyaların keçirilməsinin çox böyük əhəmiyyəti var. Yol hərəkəti qaydalarına riayət edilməsi və ictimai nəqliyyatdan düzgün istifadə qaydaları haqda maarifləndirmə işləri məktəblərin, aidiyyəti üzrə təşkilatların və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi və maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR