Bakı-APA. Banqladeşin paytaxtı Dakkada restoranda 20 nəfərin ölümünə səbəb olan terror aktını törədən silahlılar İŞİD deyil, Banqladeşdə fəaliyyət göstərən “Camaatul-Mucahidin” terror təşkilatının üzvləri olub.
APA-nın “France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Banqladeş daxili işlər naziri Asaduzzaman Xan bildirib.
Qeyd edək ki, iyulun 1-də silahlı terrorçular Dakkada diplomatların yaşadığı məhəllədə yerləşən restorana hücum çəkib. Polis iyulun 2-də anti-terror əməliyyatı keçirib, 6 terrorçu məhv edilib. Əməliyyat nəticəsində 1 nəfər Yaponiya və 2 Şri-Lanka vətəndaşı olmaqla, 13 nəfər azad edilib. Terrorçular 20 nəfəri qətlə yetirib. Bundan əvvəl KİV-lər hücuma görə məsuliyyəti İŞİD terror təşkilatının öz üzərinə götürdüyü barədə xəbər yaymışdı.