MTRŞ: Cəmiyyətdə ruh yüksəkliyinin qaldırılmasında telekanallar və radiolar mühüm rol oynadı

MTRŞ: Cəmiyyətdə ruh yüksəkliyinin qaldırılmasında telekanallar və radiolar mühüm rol oynadı
# 07 aprel 2016 11:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Cəbhə xəttində döyüşlərin getdiyi ilk gündən yerli tv və radio yayımçıları situasiyaya dərhal adaptasiya ola bildilər”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, ölkə əhalisinin 70%-dən çoxunun internetə çıxışının olmasına baxmayaraq insanların çoxu hələ də əsas informasiya mənbəyi kimi tv və radioya üstünlük verir: “Əvvəlki dövrlərlə müqayisədə bu dəfə operativlik hiss olundu. Yayım proqramları tam adekvat şəkil aldı. Musiqili və digər əyləncəli verilişlər yığışdırıldı, daha çox informativ və vətənpərvər məzmunlu verilişlər, sənədli və bədii filmlər verilməyə, müzakirə proqramları təşkil olunmağa başlandı. Cəbhədən operativ çəkilişlər, Azərbaycan ordusu tərəfindən düşmənə endirilən cavab zərbələrinin görüntüləri yayımlandı. Bir sözlə, cəmiyyətdə ruh yüksəkliyinin qaldırılmasında tv və radiolar mühüm rol oynadılar”.

Şöbə müdirinin sözlərinə görə, cəbhədə baş verənlərlər bağlı dezinformasiyalar efirlərə yol açmayıb: “Onu da qeyd etmək lazımdır ki, həm 2014-cü ilin avqustunda cəbhədə baş verən erməni təxribatları zamanı, həm də indiki şəraitdə bəzi internet media orqanları qeyri-peşəkarlıq nümayiş etdirmişdilərsə, yerli tv-lər əsasən təmkinli davranmışdılar. Əlbəttə, burada strateji sahə olaraq tv və radio yayımının dövlət tənzimlənməsinin əhəmiyyəti danılmazdır. Çünki tv və radiolarımız zamanla bu sahədə müəyyən dövlət nəzarəti praktikasının mövcudluğuna alışırlar və əlbəttə ki, ekstremal situasiyalarda müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə hərəkət etmənin vacibliyini dərk edirlər. Əsas odur ki, bütün bunlar cəmiyyətin xeyrinədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR