Ötən il Xaçmaz, Şabran və Siyəzən rayonlarının sahil zolağında ətraf mühitin mühafizəsi qaydaları pozulub

Ötən il Xaçmaz, Şabran və Siyəzən rayonlarının sahil zolağında ətraf mühitin mühafizəsi qaydaları pozulub
# 05 mart 2016 10:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Xaçmaz, Şabran və Siyəzən rayonlarının sahil zolağında ötən il üzrə keçirilmiş monitorinqlər zamanı ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə edilib. APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) saytına istinadən verdiyi xəbərə görə, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Xaçmaz, Şabran və Siyəzən rayonlarının sahil zolağının 2015-ci il üzrə ekoloji vəziyyəti haqda hesabatında bildirilib ki, Quba və Xaçmaz rayonların mərkəzində formalaşan tullantı suların təmizlənərək dənizə axıdılması məqsədi ilə Xaçmaz rayonunda Bioloji Təmizləyici Qurğusunun (BTQ), Xaçmaz şəhərində yeni kanalizasiya xətlərinin tikintisinə bu günədək başlanılmayıb.

Hesabatda deyilib ki, eyni zamanda Şabran və Siyəzən şəhərlərində təmizləyici qurğuların və kanalizasiya xətlərinin tikintisi ilə əlaqədar işlər hələ də başa çatdırılmayıb: “Bu səbəbdən də Xəzər dənizinə birbaşa və ya dolayı yollarla olan təsirlər davam etdirilir. Qudyalçay Quba və Xaçmaz rayonları ərazisindən keçərək Xəzər dənizinə tökülən axarlardan biridir. Ötən əsrin 90-cı illərindən qalmış Xaçmaz rayon BTQ və tullantı su daşıyan kollektorun istismara yararsız vəziyyətdə olmasından Qudyalçay Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axar kimi qeydə alınıb. Bundan başqa, bölgənin rekreasiya əhəmiyyətli sahələrində fəaliyyət göstərən bəzi istirahət mərkəzlərində də keçirilən monitorinqlər zamanı ekoloji pozuntulara rast gəlinib. Şabran rayonu ərazisində ötən il ərzində keçirilən monitorinqlər zamanı məlum olub ki, rayon üzrə kanalizasiya xətləri uzun illərdən bəri istismar edildiyindən tamamilə yararsız vəziyyətdədir. Bu səbəbdən rayonda formalaşan tullantı suları rayon ərazisindən keçən Dəvəçiçay və Dərəçay təbii axarlarına və digər kanallara qoşularaq təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır. Digər tərəfdən, Samur-Abşeron kanalı da antropogen təsirlərə məruz qalır. Siyəzən rayonunda keçirilən monitorinqlər zamanı məlum olub ki, rayon üzrə kanalizasiya xətləri və Mexaniki Təmizləyici Qurğu (MTQ) uzun müddət cari və əsaslı təmir işləri aparılmadan istismar olunduğundan hazırda yararsız vəziyyətdədir. Bu səbəbdən rayonda formalaşan bütün növ tullantı suları rayon ərazisindən keçən Ataçay və Gilgilçay təbii axarlarına qoşularaq təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır”.

Hesabatda qeyd olunub ki, ötən il bölgənin Xaçmaz, Şabran və Siyəzən rayonlarında formalaşan tullantı suları ilə yanaşı, bərk məişət tullantılarının idarə edilməsinin vəziyyəti də araşdırılıb: “Sözügedən rayonlarda müşahidələr zamanı məlum olub ki, bərk məişət tullantılarının idarə edilməsi istiqamətində aidiyyəti qurumların olmasına baxmayaraq, tullantılar yalnız rayonların mərkəzi küçələrində idarə edilir. Mərkəzdən kənar digər küçələrdə, kənd və qəsəbələrdə formalaşan bərk məişət tullantıları isə təbii axarların sahilinə pərakəndə şəkildə atılaraq yandırılır. Nəticədə ətraf mühitin mühafizəsi qaydaları pozulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR